İdman 10:19 08.06.2019

Azərbaycan millisi Macarıstana qarşı

Bu gün Azərbaycan milli komandası "AVRO-2020" seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Qaynarinfo xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv "Bakcell Arena"da Macarıstan yığmasını qəbul edəcək. Qarşılaşmanı Kevin Blomun başçılıq etdiyi hollandiyalı hakimlər briqadası idarə edəcək.

Bu milli komandanın E qrupunda ikinci, macarların isə üçüncü oyunu olacaq. Qonaqlar ilk matçda səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzub. Növbəti oyununda isə Marko Rossinin baş məşqçilik etdiyi kollektiv evdə gözlənilmədən Xorvatiyaya qalib gəlib - 2:1. Nikola Yurçeviçin komandası isə ilk qarşılaşmada Zaqrebdə Xorvatiyaya məğlub olub - 1:2.

Yığmanın heyətində Eddi İsrafilov komandaya dəvət olunsa da, zədə səbəbindən qarşılaşmada iştirak etməyəcək. Macarıstanda isə Tamaş Kadar, Barnabaş Bese, Donat Joter zədəlidir.

Qrupun digər matçında Xorvatiya Uelsi qəbul edəcək. Azərbaycan millisi bu oyundan 3 gün sonra Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.

AVRO-2020
Seçmə mərhələ
III tur

8 iyun
20.00 Azərbaycan - Macarıstan
Hakimlər: Kevin Blom, Bas van Dongen, Johan Balder, Serdar Gözübüyük (Hollandiya).
Bakı. "Bakcell Arena"