Xəbər lenti

Azərbaycan müğənnilərinin sərvət sirri: Onlar bir neçə günə necə varlanır?
Ölkə 16:06 30.10.2025

Azərbaycan müğənnilərinin sərvət sirri: Onlar bir neçə günə necə varlanır?

Son illər Azərbaycan müğənnilərinin dəbdəbəli həyatı cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Diqqət çəkən məqamlardan biri isə heç bir sənəti, klipi olmayan müğənnilərin qısa zamanda varlanmasıdır. Məsələn, müğənni Vəfa Şərifova 400 000 AZN-lik qara rəgli "Gelendewagen" markalı avtomobil idarə edir. Müğənni Təranə Qumral da ondan geri qalmır, sənətçi bir neçə gün əvvəl dəvət olunduğu verilişlərdən birinə 120 000 AZN dəyərində qızıl taxıb. 

Kulturoloq Aydın Xan Əbilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda bir çox sahələrdə olduğu kimi musiqi, incəsənət, pop musiqidə qəribə proseslər gedir:

"Bu proseslər ilk baxışda dünya  incəsəti və şou-biznesində kreativ sahələrdə gedən bir çox proseslərdə özünü əks etdirsə də digər tərəfdən görürük ki, bu həmin proseslərin çox savadsızcasına əksidir və sürətidir. Onlardan biri də incəsənət xadimlərinin, xüsusən də bizim üzdə olan sənətçilər, müğənnilər, xüsusən də pop, estrada musiqiçilərinin ifaçıları və eləcə də onların prodüsserlərinin yalan təbliğatla məşğul olmasıdır. Yəni, başqasının evini, kirayədə qaldığı villanı, kirayə götürdüyü maşınları videoya çəkib həm sosial şəbəkədə paylaşırlar, həm də peşəkar televiziya və şou-biznes jurnalistlərini aldadaraq proqramlara çıxırlar. Bilirsiniz, həmin proqramların əksəriyyəti pulludur, müəyyən haqq verirlər və özlərinin varlı, imkanlı olması ilə bağlı piar aksiyası qururlar”.
 


Aydın Xan Əbilov bunun dünyada, xüsusən də qardaş Türkiyə və Rusiyada təbii proses olduğunu vurğulayıb:

"İbrahim Tatlısəs və digərlərinin otelləri, evləri, mağazaları, torpaq sahələri var. Onlar həmin obyektlərdən gələn qazancla bağlı aidiyyatı dövlət qurumlarına illik hesabatlar verirlər. Orada göstərirlər ki, il ərzində 15 qastrol səfərində olub, konsert verib, reklama çəkiliblər və 2-3 milyon qazanıblar. Bundan gəlir vergisini verəndən sonra qalanlarını daşınan və daşınmayan əmlaka qoyurlar. Bu əmlakdan gəlir gəlirsə, ondan da dövlətə vergi verirlər. Azərbaycanda isə fərqlidir. 2-5 günün içində bir cavan qız səhnəyə çıxır və öz həcisi ilə öyünür. Həcinin pulu ilə aldığı villa və bahalı maşını nümayiş etdirir. Musiqidə həcilər uğrunda müharibələr gedir. Gəlin sual verək, dövlət qurumları, yaxud da vergi idarəsi onlarla maraqlanır? Maraqlanırmı ki, onun gəliri haradandır? Dövlət qurumları onlarla maraqlanmalıdır ki, həmin şəxslərin gəlirləri hardan gəlir və gəlirdən aldığı daşınar və daşınmaz əmlak, hər hansı pul mükafatı ilə bağlı vergi verirlərmi? Bundan əlavə, onların "sponsor”ları bu pulları hardan alır? İndi aktyor və aktrisalar da bunlara qoşulub. Muğam ifaçıları, xanəndələr belə onların hərəkətlərini təkrarlayır, cəmiyyətin gözündə özlərini varlı, imkanlı kimi göstərirlər”.

Aydın Xan Əbilov hesab edir ki, bunun nəticəsində gənc nəslin, gənclərin mənəviyyatı pozulur:

"Hər kəs deyir ki, müğənni qazana bilirsə, mən niyə qazanmayım. Heç kəs əziyyət çəkmək istəmir. Ali təhsil almadan başlayırlar oyunbazlıq etməyə. Günbəgün müğənnilərin sayı artır. Bəlkə də onların arasında az da olsa istedadlısı var, amma böyük əksəriyyəti istedadsızdır. İndi də süni intelekt bunlar üçün kliplər hazırlayır. Qalmaqal edirlər, kirayə bahalı maşın götürürlər, guya sənətdən, toydan qazanırlar. Bundan əlavə, hər hansı bir şəxs hansısa müğənninin adına villa alır. Müğənni də bunu efirdə təbliğ edir. İki aydan sonra müğənni bağışlanma ilə villanı onun sahibinin yaxınlarının adına rəsmiləşdirə bilər. Bunlar bir-biri ilə bağlı olan məsələdir”. 

Aydın Xan Əbilov hesab edir ki, aidiyyatı qurumlar müğənniləri vergiyə cəlb edə bilmir:

"Sual yaranır, ya aidiyyatı dövlət qurumları bunlarla əlbirdir, ya da onların "sponsor”ları, həciləri o qədər böyük və möhkəm adamlardır ki, heç kim onlara toxuna, heç kim onların aylıq qazancını vergiyə otuzdura bilmir”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->