Dr. Dilqəm ƏHMƏD
1926-cı ilin 26 fevral–6 mart tarixində Bakıda keçirilən Birinci Türkoloji Qurultayın nəticəsi olaraq bir sıra qərarlar qəbul edilib. Belə ki, qurultayda latın qrafikalı türk əlifbası qəbul edilib, terminologiya (istilah) və imla ilə bağlı yeni qaydalar təsbit olunub. Vasili Bartold, Aleksandr Samayloviç, Adolf Menzel, Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə, Bəkir Çobanzadə kimi yerli və xarici türkoloqların qatıldıqları bu toplantının nəticələri hesabat şəklində işıq üzü görüb, alınan qərarlar müvafiq şəkildə həyata keçirilib.
Şübhəsiz ki, Azərbaycanı və digər türk yurdlarını işğal edən Rusiyanın türkologiyanın və türk dilinin inkişafına xidmət göstərməsi, Avropa alimlərini də bu prosesə cəlb etməsi birmənalı qarşılanmayıb. Xüsusən də Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin prosesin başlanğıcından etibarən bu məsələyə münasibət bildirmələri, bolşevik mətbuatında cavab yazılarının dərc edilməsi mövzunun aktuallığını göstərir. Ona görə də mühacirlərin düşüncələri əsasında qurultaya olan fərqli baxışı təqdim etməyə çalışacağıq.
Mirzə Bala Məmmədzadənin etirazı
Azərbaycan mühacirətinin ideoloji qanadının təmsilçilərindən mühərrir Mirzə Bala Məhəmmədzadə İstanbulda çıxan "Yeni Kafkasya” dərgisinin 15 oktyabr 1925-ci il tarixli sayında qələmə aldığı "Bolşevizm və türkçülük” adlı məqaləsində Rusiyanın Bakıda keçirməyi planladığı Türkoloji Qurultayın məqsədini bu şəkildə izah edib:
"1925-ci sənənin qanuni-əvvəlində Bakıda Sovetlər İttihadına daxil olan türklərin Ümumittihad Türkoloji Qurultayının çağırılması qərara alınmışdır. Bu qurultayın adı "Türkoloji”, məkanı isə Bakıdır. Bu iki fikrin ifadə etdiyi məna, zənnimizcə, aydındır. Bolşevizm Türkiyə hüduduna yaxın bir yerdə nümayiş göstərir və özünü türk millətinin həqiqi hamisi və nicatverəni kimi təqdim etməklə türk milli hərəkatının Rusiya dairəsində ən qüvvətli mərkəzlərindən biri olan Azərbaycana, eləcə də onlarla həmhüdud olan Türkiyəyə özünü göstərmək istəyir. Türkoloji Qurultayı hansı məsələləri həll edəcəkdir? Latın hərflərini ümumi şəkildə tətbiq edəcək, imlaları birləşdirəcək, yaxud türk millətinin mədəni, siyasi və tarixi vəhdətini təsis edəcəkmi – bilmirik. Bildiyimiz odur ki, keçmişdə baş tutan hər hansı nümayişkaranə "qurultay”lar kimi bu qurultay da əməli bir fayda verməyəcəkdir. Versə belə, bu fayda türk millətinin zərərinə, türk milli vəhdətinin ziyanına olacaqdır”.
M.Məmmədzadəyə görə, "milliyyət”, "vətənpərvərlik”, "türkçülük”, "istiqlalpərvərlik” kimi məfhumları əksinqilabçı və burjuaziya kəlmələri kimi görən hökumətin türk millətinin, milli hərəkatının intibahına yeni qüvvə verməsini, ədəbi, mədəni vəhdətinə çalışmasını təsəvvür etmək mümkün deyildir. Onun fikrincə, bolşevizmlə türkçülük bir-birini həzm edə bilməyən iki əsasdır və Rusiyanın məqsədi türklərin nəzəri-diqqətini Türkiyədən çəkib özünə yönəltməkdir. Müəllif Türkoloji Qurultayın nəticəsinin müsbət və ya mənfi olub-olmamasından asılı olmayaraq, bu toplantını Rusiyanın siyasi manevri kimi dəyərləndirib, bolşevizmin öz düşmənini, yəni türk millətini öz əli ilə inkişaf etdirməyəcəyini düşündüyünü ifadə edib. Onun fikrincə, türk millətinə xidmət edəcək gerçək qurultay onların Rusiya əsarətindən xilas olduqdan sonra çağırılacaq toplantılarda mümkün olacaqdır.
M.Məmmədzadə bu yazısında bolşeviklərin başlatdıqları əlifba və imla islahatlarının hansı nəticələr verəcəyini də proqnozlaşdırıb, qurultaya qədər edilənləri nümunə olaraq göstərib:
"Təkcə bununla kifayətlənməyən Moskva Azərbaycanda latın hərflərini tətbiq edərkən Dağıstanda rus dilini yaymağa çalışır, Krımda ərəb hərflərinə əsaslanan bir imla, Kazanda isə tamamilə yeni bir imla tətbiq etmişdir. Bu yolla ixtilaldan əvvəl vahid bir imlaya, vahid bir əlifbaya və vahid yazı üsuluna malik olan türklərin mətbuatını və ədəbiyyatını parçalayaraq onların vəhdət və həmrəyliyini zəiflətmiş, gələcəkdə birləşmələri üçün maneələr yaratmağa cəhd göstərmişdir. Rusluq bolşevizm libası altında Türkiyənin milli istiqlal mübarizəsi ilə məşğul olmasından istifadə edərək türklüyü əzir, parçalayır, onu iqtisadi cəhətdən iflasa uğratmaq, maddi baxımdan zəif və düşkün bir vəziyyətə salmaq istəyir. Şübhə yoxdur ki, Rusiya əsarəti altında inləyən türklər bu təzyiq qarşısında bütün ümid və diqqətlərini qardaş Türkiyəyə yönəltmişdilər. Burada baş verən milli türk hərəkatı, türk intibahı və türkçülük cərəyanı onların yeganə ümid və ilham mənbəyi idi. Çünki türk yalnız Türkiyədə hürdür, yalnız Anadoluda sərbəstdir”.

Qırmızı diktatura ruhunun dolaşdığı qurultay
"Yeni Kafkasya” dərgisinin 15 dekabr 1925-ci il tarixli nüsxəsinin baş məqaləsi "Türkoloji Qurultay” adlanır. İmzasız verilən bu məqaləni, ehtimal ki, M.Ə.Rəsulzadənin özü yazıb. Məqalədə qurultayda iştirak edəcək alimlərin fikir münaqişələrinin simvolik xarakter daşıyacağı, yekun rəyi kommunist "harsçı”ların verəcəyi ifadə edilib. Həmçinin Sovet diktaturasının hakim olduğu bir mühitdə elmi nəticələrin hasil olmayacağını qeyd edən müəllif qurultayda nəzərdə tutulan məsələlərin türk xalqlarının ortaq dil anlayışına zərər vuracağını yazıb. Onun fikrincə, latın əlifbasının qəbulu ilə hər şivənin öz səsləndirdiyi formada yazılması qaydası türk xalqlarının ortaq ədəbi dilini pozmağa hesablanıb, eləcə də istilahların ruslaşdırılmasını da ixtilaldan öncə başlanan ortaq yola qarşı olduğunu göstərib.
Müəllifə görə, qırmızı diktatura ruhunun dolaşdığı qurultay bütün gücü ilə əlifbanın latın, istilahların rus, imlanın isə proletarca olmasına səy edəcək, sırf siyasi məqsədlə baş tutacaq qurultaya elmi və mədəni damğa yapışdırmaqla göz boyayacaqdır.
Mövzunu gündəmdə saxlayan "Yeni Kafkasya” dərgisi 26 mart 1926-cı il tarixli nömrəsində "Bakı Türkoloji Qurultayı münasibətilə” başlıqlı bir məqalə dərc edib. Yazıda qurultayın rus professor və məmurlarının nəzarəti altında keçdiyi, əsas məsələləri onların həll etdiyi, bu səbəbdən də qurultayın adının "Rusiya Şərqşünaslarının Qurultayı” adlandırılmalı olduğu bildirilib. Müəllif qurultayda müxtəlif türk "respublikaları” və "muxtariyyət”lərindən gələn alimlərin iştirak etməsini bu yığıncağın türk elminin, idrakının, fikrinin məhsulu olduğunu göstərmədiyini qeyd edib. Onun fikrincə elmi metodlar ilə bağlı Bartold kimi səviyyəli professorun çıxış etməsini anlamaq mümkündür, amma əlifba məsələsi kimi həyati əhəmiyyətli bir mövzunun da məchul rus professorlarının həll etməsi türk ünsürünün bu qurultayda yox hökmündə olduğunu göstərib.
Məqalədə ərəb əlifbası tərəfdarlarının səslərini eşitdirməyə imkan verilmədiyi, mövcud yazıda qalmağın oktyabr inqilabı əleyhinə fəaliyyət göstərməklə bərabər tutulduğu bildirilib. Bolşeviklərin ərəb əlifbasına tərəfdar olanları irticaçı kimi gördüyünü yazan müəllif islah edilmiş ərəb əlifbasını dəstəkləyən Kazan türklərinin Rusiyada yaşayan türklər arasında savadlılıq dərəcəsində yüksək nəticə göstərdiklərini qeyd edib. Yəni müəllifə görə, latınçıların iddia etdiyi kimi ərəb əlifbası xalqın təhsil almasının qarşısındakı əngəl deyildir.
İmzası verilməyən məqalə müəllifi Türkiyə təmsilçiləri olan Fuad Köprülü və Əli bəy Hüseynzadənin bu məsələdə sükut etmələrinin də bolşevikləri həvəsləndirdiklərini ifadə edib: "Məlum olduğu kimi türkiyəli professorların ikisi də qənaət etibarilə Latın hərflərinin əleyhdarıdırlar. Böylə ikən onların ağızlarına su alıb bir kəlmə ilə də olsun fikir bəyan etməmələri Türkiyədə qüvvətlənmək üzrə olan latınçılığa hörmətən tətbiq olunmuş bir üsul olsa gərəkdir”.
Müəllif bu fikrində haqlıdır. Fuad Köprülüzadənin Sovet Azərbaycanı mətbuatına verdiyi açıqlamalar, eləcə də Xalid Səid Xocayevin xatirələrində qələmə aldığı qeydlər bunu isbat edir. Köprülüzadə əlifba dəyişikliyi məsələsində ehtiyatlı davranıb, Ankarada həyata keçiriləcək siyasəti təqib edib. Bu halı qəbul etsə də, "Yeni Kafkasya” hər iki Türkiyə nümayəndəsini tənqid edib, elmi əxlaqın siyasi manevr etməyə imkan vermədiyini onların nəzərinə çatdırıb. Yazının sonunda qurultayın nəticəsində qəbul edilən Latın əlifbasının qəbulu ilə türkçü latınçıların mövcud vəhdət silahını parçaladıqları ifadə edilib.
"Yeni Kafkasya”nın 14 aprel 1926-cı il tarixli sayısında "Əlifba məsələsi” adlı növbəti imzasız məqalə dərc olunub. Yazıda Türkoloji Qurultayın nəticəsində qəbul edilən yeni əlifba bir daha tənqid olunub, yakutlar, kabardinlər, osetinlər, çeçenlər kimi mədəniyyət dünyasına yeni-yeni addım atan xalqların latını asanlıqla qəbul edə biləcəkləri vurğulanıb. Amma Azərbaycan, Türküstan, Türkiyə, Kazan kimi böyük tarixi və islami keçmişə sahib olan ölkələrdə ərəb əlifbasının islahının daha doğru olacağı ifadə edilib. Çətinliyin əlifbadan daha çox imlada olduğunu vurğulayan müəllif Şimal türklərinin islah yolunda xeyli təcrübəyə malik olduqlarını xatırladıb.
Azərbaycan mühacirlərinin mövcud şərtlər altında Türkoloji Qurultaya əks mövqe sərgiləmələri başa düşüləndir. Məqalələrdə qeyd olunduğu kimi bir tərəfdən türk yurdlarını işğal edən bolşeviklərin türk millətinin inkişafına xidmət edəcək addımların atılacağına haqlı olaraq inanmırdılar. Digər tərəfdən tək müstəqil dövlət olan Türkiyə hələ ki latına keçməmişdi, bu baxımdan Türkiyə ilə ortaq mədəni əlaqələrə zərbə vurulacağını düşünürdülər. Eləcə də islah edilmiş ərəb əlifbasının böyük coğrafiyada yaşayan türk xalqlarının ortaq ədəbi dili üçün ən vacib amil hesab edilməsi də onların bu mövqedən çıxış etmələrinə səbəb olmuşdu. Necə ki 1928-ci ildə Türkiyənin də latın qrafikalı əlifbaya keçməsindən sonra M.Ə.Rəsulzadə İstanbulda nəşr etdiyi "Odlu Yurt” dərgisini yeni hərflərlə çap edib, hər bir müsavatçının öyrənməsini vacib hesab edib.
Bolşevik mətbuatının cavabı
Məhəmməd Əmin Rəsulzadənin İstanbulda nəşr etdiyi "Yeni Kafkasya” dərgisi mühacirət tariximizin ən qiymətli mətbu nümunəsidir. Siyasi mühacirətin güclü olduğu, bolşeviklərin isə işğal etdikləri bölgədə tam şəkildə möhkəmlənmədikləri dövr olduğu üçün mütəmadi olaraq yazılan məqalələrə cavab verilirdi. İstər dərgidəki ictimai-siyasi yazılar, istərsə də Rəsulzadənin nəşr etdiyi kitablara qarşı Sovet Azərbaycanında xeyli sayda cavab yazılıb, Stalinin göstərişi və direktivləri ilə kitablar qələmə alınıb. Bu baxımdan "Yeni Kafkasya”dakı Türkoloji Qurultay əleyhində yazılan məqalələrə də reaksiya göstərilib. Bu cavab yazılarından biri 1922-ci ildən etibarən Yeni Türk Əlifba Komitəsinin yayın orqanı olduğu üçün latın qrafikası ilə çıxan "Yeni yol” qəzetində dərc edilib.

"Yeni yol”un 17 fevral 1926-cı il tarixli sayında qurultayın iclaslarına sədrlik edəcək Azərbaycan Cümhuriyyəti Parlamentinin keçmiş üzvü, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlunun "Türkoloji Qurultayı ətrafında” adlı məqaləsi dərc olunub. Birbaşa Məhəmməd Əmin Rəsulzadəni hədəf alan müəllif qurultayla bağlı yad ölkələrdə bir sıra dedi-qoduların dolaşdığını bildirib:
"Məsələn, Məhəmməd Əmin Rəsulzadənin "dahiyanə” düşüncə təsəvvürünə görə, guya ki, bu məsələ Şuralar İttifaqının "Böyük Türkiyə” əleyhinə yeni bir çıxışıdır. Sanki İttifaqın türk-tatar xalqlarını birləşdirib mədəniyyətcə yüksəltməklə Türkiyənin Şərqdəki əhəmiyyətini düşürmək və birinciliyi qırmaq məqsədi təqib edilir. Biz ilə İttifaqda olan bəzi türk cümhuriyyətlərində də böylə bir fikir hasil olunmuş ki, guya Azərbaycan bu Türkoloji Qurultayını çağırmaqla öz Yeni Türk Əlifbasını başqa xalqlara da yükləmək istəyir; çünki bunların zənnincə, qeyri xalqlar o qədər bu əlifbanın tərəfdarı deyildirlər”.
Ağamalıoğlu M.Ə.Rəsulzadənin köhnə Türkiyənin tərəfdarı olduğunu, bu ölkədəki mövcud hərəkatın hansı yöndə getdiyini anlamadığını iddia edib. O, Rəsulzadəni ümumi sözlərlə tənqid etdikdən sonra qurultaya Türkiyədən də nümayəndələrin gələcəyini, ona görə də yığıncağın siyasi yox, fənni və elmi olduğunu bildirib:
"Mədəniyyətcə inkişaf etmək üçün geridə qalan xalqlardan ötrü Şuralar qanununun geniş açdığı qapı əcəba bir cinayətdirmi?… Fənni məqsədlə çağırılan bir qurultayın qərarları nə cür olar ki, məcburi olsun. Çünki burada iştirak edənlər öz hökumətlərindən bu qurultay qərarlarının özləri üçün məcburi olaraq qəbul etmələrinə vəkil olunmamışdırlar… Tərəqqi və təkamülümüzə, inkişafımıza mane olan ərəb islamiyyətçiliyindən Şura Azərbaycanı özünü xilas etmək üçün möhkəm bir hərəkət xətti tutmuşdur. Bu kimi ağır yüklərdən və türk dilinə yabancı olanlardan birisi də ərəb əlifbasıdır ki, gərək bunun monopoliyasından (inhisarından) biz özümüzü büsbütün qurtaraq”.
Ağamalıoğlu hazırda yeni əlifba ilə 40 minə qədər insanın savadlandığını, "Yeni yol”, "Qızıl əsgər” kimi qəzetlərin çıxdığını bildirib, ərəb əlifbasının yalnız dini işlər və məscid üşün, Şərq aləmi ilə rabitə saxlamaq və onu bilmək istəyənlər üçün lazım olduğunu ifadə edib.
Ağamalıoğlunun bu cavabı həm Mirzə Bala Məmmədzadənin, həm də "Yeni Kafkasya”dakı yazılara yönəlik idi. Şübhəsiz ki, M.Ə.Rəsulzadə Mustafa Kamal paşanın inqilablarını Ağamalıoğlundan daha dəqiq bilirdi, elə həmin illərin sonunda yazdığı "Qurtulan Şərqin sembolu” adlı məqaləsində sərrast şəkildə ifadə etmişdi. Amma istiqlalçılara qarşı köhnədən ədavəti olan Ağamalıoğlunun "Yeni Kafkasya”dakı konkret düşüncələrə peşəkar cavab verməyib "axmaq”, "səfeh”, "qarğa qarıldaması” kimi ifadələr işlətməsi əslində bu yazıların konkret hədəfə dəydiyini göstərməkdəydi.
Nəticə əvəzi
Şübhəsiz ki, İstanbuldakı mühacirlərin Türkoloji Qurultaya baxışlarında həqiqət payı çox idi. Həqiqətən də, aradan ötən yüz il ərzində türk xalqları nəinki birləşdi, əksinə bir-birindən qoparaq daha da uzaqlaşdılar. Hələ də bu gün ortaq əlifba məsələləri müzakirə edilir, ümumi yazı dilində problemlər yaşanılmaqdadır. Şübhəsiz ki, latınçılar da ərəb əlifbasının yaratdığı problemləri göstərməkdə haqlı idilər. Digər tərəfdə latınlaşma avropalaşma şüarının bir parçası idi, sürətli yazıb-oxumağı özündə ehtiva edirdi. Amma 1940-cı ildə latın əlifbasının ləğvi və kirilin qəbulu onu göstərdi ki, məsələ heç də ərəb əlifbasından qurtulmaq deyilmiş, əksinə kirilə keçmək üçün qısa bir mərhələ imiş. Qurultay iştirakçılarının repressiyaya məruz qalmaları da Rusiyanın gerçək məqsədini göstərirdi…
Qaynaq:
"Yeni Kafkasya (1925-1926) 3. Yıl”, Haz: Prof.Dr. Yavuz Akpınar, Selçuk Türkyılmaz, Yılmaz Özkaya, İstanbul, 2018.
"Yeni yol” qəzeti, № 41 (452), 17 fevral 1926.
Şərhlər