NASA mühəndislərinin Mars robotlarını sınaqdan keçirdiyi isti və quraq səth altında alimlər mikroskopik qurdlar – nematodlardan ibarət gizli ekosistemləri aşkarlayıblar.
Qaynarinfo xəbər verir ki, alimlər səhranın altı fərqli nöqtəsindən nümunələr toplayıblar və bu heyrətamiz nəticələrini "Nature" jurnalında dərc olunan elmi məqalədə təqdim ediblər.
Aşkarlanıb ki, yağışın onilliklərlə yağmadığı və həqiqi "Yer üzündə cəhənnəm” adlandırıla biləcək səhrada nematodlar yaşayır. Əvvəllər alimlər yalnız okean sahillərində tək-tək nümunələr tapmışdılar. İndi isə səhranın özündə bu canlıların 21 ailəsi və 36 cinsi aşkar edilib.
Canlılar mühitə unikal şəkildə uyğunlaşıblar. Hava çox quraq olduqda onlar çoxalma üsulunu dəyişdirirlər: bəziləri cinsi, bəziləri isə cinssiz çoxalır.
Alimlərin məqaləsində qeyd olunur: "Bu nəticələr göstərir ki, ən ekstremal quruda mövcud olan mühitlərdə belə dayanıqlı torpaq icmaları qala bilər. Lakin sadələşdirilmiş torpaq qida şəbəkələri ətraf mühitdəki əlavə dəyişikliklərə qarşı həssasdır".
Bioloqlar bildirirlər ki, bu kiçik canlılar – güclü sağ qalma ustalarıdır. Onlar qaranlıq dəniz dərinliklərindən tutmuş buzlu Antarktidaya qədər hər yerdə rast gəlinir. Amma Atakamada tapılan nümunə mümkün hədlər barədə təsəvvürümüzü dəyişir.
Məqalədə vurğulanır ki, bu kəşf iqlimşünaslıq üçün böyük əhəmiyyət daşıyır. Planetimiz davamlı isinməkdədir, səhralar böyüyür. Alim Filipp Şiffer hesab edir ki, nematodların öyrənilməsi canlı orqanizmlərin gələcəyini anlamağa kömək edəcək – onlar ekosistemlərin dayanıqlığını proqnozlaşdırmaq üçün açardır.
Alimlər əlavə edirlər: "Nəticələrimiz quraq ekosistemlərdə bioloji müxtəlifliyi formalaşdıran mexanizmləri daha yaxşı anlamağa imkan verir və torpağın qlobal iqlim aridifikasiyasına qarşı dayanıqlığını proqnozlaşdırmaqda yardımçı ola bilər".
Bu kəşflər aqronomlar və ekoloqlar üçün də önəmlidir, çünki mikroorqanizmlərin qum içində sağ qalması təkcə biologiya deyil, eyni zamanda quraqlıq zamanı məhsulun qorunması strategiyasıdır. İndi alimlər planetin digər "ölü” nöqtələrində oxşar icmaların olub-olmadığını araşdıracaqlar.
Aydın
Şərhlər