Xəbər lenti

Siyasət 14:32 26.10.2021

Azərbaycan ordusu sürətlə Türkiyə Silahlı Qüvvələri modelinə keçir - Ekspert

"Azərbaycanın silah, hərbi texnika idxalında Rusiyanın çəkisi kəskin azalacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında hərbçi ekspert Üzeyir Cəfərov Müdafiə naziri Zakir Həsənovun Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusuna tətbiqinin zəruriliyini qeyd etməsi fonunda bu istiqamətdə hansı addımların atılmasının vacibliyindən danışarkən deyib:    
 


"Onsuz da bu proses gedir. Belədə uzağı 5 ilə Azərbaycanın Rusiyadan aldığı silahların sayı minimuma enəcək. Həmin silahlara daha ehtiyac qalmayacaq”.
Həmsöhbətimiz bildirir ki, Türkiyə modelinə keçmək üçün qarşıda duran başlıca vəzifədən biri Azərbaycan Ordusunun silah-sursatının yenilənməsidir:  
"Yeni tələblərə, NATO tələblərinə cavab verən 5-ci nəsil hərbi texnika, təyyarələr alınmalıdır. Türkiyə modelinə keçid onu göstərir ki, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşması prosesi yaxın zamanlarda daha sürətli xarakter alacaq. Bəlli vaxtda bu məsələ tam şəkildə öz həllini tapacaq”. 

Ü. Cəfərov Azərbaycan Ordusunda Türkiyə modelinin tətbiqi istiqamətində bu günə qədər xeyli işlərin görüldüyünü də diqqətə çatdırdı: 

"Ştatda dəyişiklik edilib, təkmilləşmə aparılıb. Bir-birini təkrarlayan qurumlardan xeylisi ixtisara salınıb. Yeni yerdəyişmələr həyata keçirilib. Bəzi təyinatlar olub. Əsgərlərimizin hərbi hissələrə təyinatı Türkiyə modeli üzrə həyata keçirilir. Bu model  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində də tətbiq olunacaq. Bununla bağlı olaraq bu yaxınlarda Türkiyənin rəsmi şəxsləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmilərilə görüşərək, bir sıra təkliflərlə çıxış ediblər. Bu məsələdə rəhbərlik nə qədər çevik tərpənsə, bir o qədər yaxşı olar. Amma Türkiyənin bu məsələni uzadacağını düşünmürəm. Tez bir zamanda məsələ öz həllini taparaq yekunlaşmalıdır”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->