İdman 09:21 18.09.2021

Azərbaycan Premyer Liqasında IV tur başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. 

Qaynarinfo-nun məlumatına görə, açılış matçı əyalətdə baş tutacaq.

Cari mövsümə uğurla başlayan hər iki komanda - "Qəbələ" və "Səbail" münasibətlərinə aydınlıq gətirəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq. İlk 3 turdan sonra 7 xala malik "qırmızı-qaralar" "Qarabağ"la birlikdə 1-2-ci yerləri bölüşdürür. "Dənizçilər" isə 6 xalla 3-cü pillədə qərarlaşıb.

İki kollektiv indiyədək ölkə çempionatında 15 dəfə üz-üzə gəlib. Bunların 6-da meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıblar, 5 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti də bölgə təmsilçisinin xeyrinədir - 24:16. "Səbail” son 5 oyunda meydanı qolsuz tərk etməyib. "Qəbələ” isə evdə uduzmayıb.

Günün son matçında "Zirə" "Sabah"ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 19:15-də start götürəcək. Hazırda Rəşad Sadıqovun baş məşqçi olduğu komanda 4 xalla 6-cı sırada yer alır. Ramin Quliyevin rəhbərlik etdiyi kollektivin isə xalı yoxdur və sonuncu pillədə qərarlaşıb. Paytaxt təmsilçisi ilk 3 oyunda qol da vura bilməyib.

Bunadək Premyer Liqada baş tutmuş 11 matçın 3-də bugünkü meydan sahibləri, 5-də qonaqlar qalib gəlib. Topların nisbətində də "Sabah"ın üstünlüyü var - 15:13. "Zirə" son 3 oyunda meydanı qolsuz tərk etməyib. "Sabah” isə son iki səfər görüşünün hərəsində iki qol vurub.

Qeyd edək ki, Premyer Liqada IV turun digər 2 oyunu 19-20 sentyabrda gerçəkləşəcək. Bazar günü "Neftçi" - "Keşlə", bazar ertəsi isə "Qarabağ" - "Sumqayıt" matçları keçiriləcək.

Premyer Liqa
2020/21 mövsümü
I dövrə, IV tur

18 sentyabr
17.00 Qəbələ - Səbail
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Qəbələ şəhər stadionu.

19.15 Zirə - Sabah
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu.