İdman 09:55 16.08.2019

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümü başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünə start veriləcək. 

Qyanarinfo xəbər verir ki, 8 komandanın iştirakı ilə keçiriləcək sayca 28-ci ölkə çempionatının ilk turu 4 günü əhatə edəcək. Açılış matçında son çempion "Qarabağ" ötən mövsümü axırıncı yerdə bitirən "Keşlə"nin qonağı olacaq. Paytaxt təmsilçisinin ev oyunlarını keçirdiyi "ASK Arena"nın süni ot örtüyü dəyişdirildiyi üçün görüş Mərdəkandakı "Dalğa Arena"da baş tutacaq. 

Bu oyun sözügedən komandaların Premyer Liqada yubiley – 60-cı duelə olacaq. "Keşlə" indiyə qədər reallaşan 59 matçdan 13-də, "Qarabağ" isə 27-də qalib gəlib. 19 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv son 3 görüşdə qələbə qazanıb.

Qeyd edək ki, turun qalan oyunları qarşıdakı 3 gündə keçiriləcək.

Premyer Liqa
2019/20 mövsümü
I dövrə, I tur

16 avqust
19.00 Keşlə - Qarabağ
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
"Dalğa Arena”.