Xəbər lenti

Azərbaycan Prezidentinin rusiyalı həmkarına telefon zəngi sıradan bir zəng deyildi
Siyasət 17:29 14.08.2020

Azərbaycan Prezidentinin rusiyalı həmkarına telefon zəngi sıradan bir zəng deyildi

"Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı gücləndirmək və çoxsaylı birgə hərbi təlimlər vasitəsilə Cənubi Qafqazda sürətlə möhkəmlənir. Bununla paralel olaraq, Türkiyənin danışıqlar prosesində fəal iştirakı, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına qatılması da müzakirə edilir”.

Bunu "MediaPost”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan işğala dözüm nümayiş etdirən və Ermənistanın nazı ilə oynayan ABŞ, Fransa və Rusiyanın əvəzinə həmsədrlikdə Türkiyəni görmək istəyir.

"Bunun praktik olaraq reallaşdırılması çətindir. Çünki Ermənistanla yanaşı, adı çəkilən 3 həmsədrin heç biri Türkiyənin onlara qoşulmasını istəmir. Vaşinqton, Paris və Moskva Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinin əleyhinədir. Türkiyənin həmsədrlikdə təmsil olunması uğrunda mübarizə enerjinin boşa xərclənməsidir. Onsuz da, Ermənistanın sərhəddə törətdiyi son təxribatlar fonunda həmsədrlərin fəaliyyətinə ehtiyac qalmayıb, növbəti danışıqlar prosesi işğalın uzanmasına xidmət edəcək. Rəsmi Bakının məzmunsuz danışıqlardan qeyri-rəsmi şəkildə imtinası torpaqları işğaldan azad etmək qətiyyətindən xəbər verir. Digər tərəfdən, Azərbaycan və Türkiyə rəsmiləri, o cümlədən generalları günlərdir açıqlama verirlər ki, iki ölkə işğal altındakı torpaqları birgə azad etməyə hazırdırlar. Bu, dünyaya verilən ciddi mesajdır. Danışıqlardansa, bu strategiyanın davam etdirilməsi zəruridir”, - ekspert "MediaPost”a açıqlamasında söyləyib.

Politoloq Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığını şərh edərkən bildirib ki, bu zəng özündə iki vacib mesajı ehtiva edib:

"Rusiyanın Ermənistana hərbi dəstəyini artırmasından narahatlığını bildirən İlham Əliyev telefon söhbətində hərbi texnika ilə dolu Rusiya hərbi təyyarələrinin Ermənistana Qazaxıstan, Türkmənistan və İran səmasından uçduğunu söyləməklə iki vacib mesaj da vermiş oldu.
 

 
Birinci mesajın mənası odur ki, Azərbaycana dost dövlətlər Bakıya kifayət qədər kəşfiyyat məlumatları veriblər ki, Rusiyanın hansı ölkələrin səması üzərindən Ermənistana hərbi texnikanı daşıdığı üzə çıxsın. Bu yolla Rusiya prezidentinin diqqətinə çatdırıldı ki, Azərbaycan Ermənistanla mübarizədə tək deyil.

İkinci mesaj isə dolayısı ilə, Qazaxıstana, Türkmənistana və İrana ünvanlandı. İşğalçı Ermənistana hərbi yüklərin Qazaxıstan səması üzərindən daşınması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işə yaramadığının göstəricisidir. Əslində, bu şuranın nüvəsini elə Türkiyə-Azərbaycan ittifaqı formalaşdırır. Doğrudur, Qazaxıstan Rusiya və Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ancaq əgər Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev şərt irəli sürərək, Dağlıq Qarabağ mallarının ortaq bazara çıxarılmasının əleyhinə olduğunu qətiyyətlə söyləmişdisə, bu ölkənin hazırkı prezidenti Kasım-Jomart Tokayev də ölkəsinin hava səmasından Ermənistana hərbi yüklərin daşınmasına "yox” deməli idi. Rusiyanın Qazaxıstanın Ermənistana "yox” deməsinə görə onlara təzyiq edəcəyi az ehtimal olunur. Buna baxmayaraq, rəsmi Astana Moskva-İrəvan ikilisində yer almağa qərar verdi”.

"Aşqabad da neytral xarici siyasətinə və heç bir hərbi blokda yer almamasına rəğmən, Rusiyanın Türkmənistanın səması üzərindən Ermənistana hərbi yük daşımasına razılıq verdi. Sözdə Azərbaycanın ərazi bütövlüyünü vurğulayan Tehran da bu "qrupda” yer aldı. Halbuki Tehranın Moskvaya "yox” cavabı İran-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Ancaq Tehran fərqli yol seçdi və işğalçı Ermənistanın səması üzərindən silahlandırılmasına üstünlük verdi. Rəsmi Bakının bu ölkələrə nota verməsi və ya diplomatik kanallarla məsələni aydınlaşdırması zəruridir. Məsələn, rəsmi Bakı Ermənistana silah satdığına görə Serbiyaya etirazını bildirdi. Serbiya prezidenti Azərbaycanla münasibətləri təhlükə altına atmamaq üçün təcili Bakıya nazirini göndərdi və belə anlaşıldı ki, Belqrad bir daha Azərbaycanın düşməninə silah satmayacaq. Eyni izahat işinin Qazaxıstan, Türkmənistan və İranla aparılmasına ehtiyac yaranıb”, - politoloq bildirib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->