"İndilikdə bu istiqamətdə addım atmağımız doğru olmaz”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Quzey Kıbrıs Türk Cümhuriyyətinin geniş arenada tanınması istiqamətində aktiv addımlar atacağı barədə səsləndirdiyi fikirləri fonunda, Azərbaycanın da bu dövləti tanıyıb-tanımayacağı məsələsinə toxunarkən deyib.
Həmsöhbətimiz bildirib ki, Bakı bu məsələ barədə qərar verərkən, prosesə bir tərəfdən beynəlxalq hüququn mövcud normaları, digər tərəfdən isə Azərbaycanın milli təhlükəsizlik maraqları baxımından yanaşmalıdır:
"Quzey Kıbrıs Türk Cümhuriyyətini tanıyan yeganə dövlət Türkiyədir. Digər dövlətlər bu istiqamətdə hələ ki, addım atmayıb. O cümlədən, Azərbaycan da hələlik tanımayıb. Çünki belə bir addım atmağımız Qarabağ məsələsində Azərbaycan üçün müəyyən mənada bumeranq rolunda çıxış edə bilər. Bu məsələdə kifayət qədər ehtiyatlı mövqe sərgiləyirik. Hərçənd Quzey Kıbrıs Türk Cümhuriyyəti Azərbaycanın müstəqilliyini tanıyıb. Ancaq Şuşa bəyannaməsindən sonra Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Bu iki dövlət sözün bütün mənasında artıq müttəfiq dövlətdir”.
E. Mirzəoğlu dedi ki, Azərbaycan qərar verərkən, hər şeyi ölçüb-biçib, addım atmalıdır:
"Düşünürəm ki, Bakı tanınma məsələsinə baxarkən, hər halda bu qərarın Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab verib-verməyəcəyilə bağlı hər şeyi ölçüb-biçəcək. Ermənistanın bu məsələdən istifadə etməyə çalışacağı istisna deyil. Bu dəqiqə Qarabağ məsələsində həssas bir mərhələdəyik. Ermənistan hətta 10 Noyabr sazişinin şərtlərini tam yerinə yetirmir, kommunikasiya xətlərini açmır. Azərbaycan Qarabağın statusu məsələsinin artıq geridə qaldığını bəyan edir. Belə vəziyyətdə Bakının Kipr Türk Dövlətini tanıması əslində erməni tərəfinə Qarabağın statusu barədə müzakirələri yenidən və daha fərqli ampluada müstəvi üzərinə gətirmələrinə imkan verər. Ona görə də indilikdə bu istiqamətdə addım atmağımız hələlik tezdir”.
Rüfət Sultan
Şərhlər