Xəbər lenti

Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü oldu (FOTO)
Foto 19:35 12.01.2021

Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü oldu (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Baş Prokurorluq bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.

Qaynarinfo xəbər verir ki, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun nümayəndə heyəti yanvarın 12-də Rusiya Prokurorluğunun yaranmasının 299 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə Moskvaya səfər edib.

Səfər çərçivəsində Rusiyanın Baş prokuroru İqor Krasnov ilə keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusilə qeyd olunub.

Görüşdə Baş prokuror Kamran Əliyev bildirib ki, ölkə rəhbərliyinin siyasi kursuna uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatlar aparılmış, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulub, yeni idarələr yaradılmaqla ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılıb.

Baş prokuror otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini bildirib.

Söhbət zamanı Azərbaycan və Rusiya prokurorluqları arasında imzalanmış Əməkdaşlıq haqqında 2019-cu il 24 iyun tarixli Sazişin icrası ilə əlaqədar 2021-2023-cü illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.

Tərəflər ölkələrimizin prokurorluqları arasındakı sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə, habelə Əməkdaşlıq proqramının əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəd olacağına və yeni perspektivlər üçün əlverişli zəmin yaradacağına əminliklərini ifadə ediblər.

Bundan başqa, görüşdə mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən terrorçuluq, korrupsiya cinayətləri, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında danışılıb, iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təlim səfərləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da görüşdə iştirak edib.

Həmçinin səfər çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib.

Görüşdə dövlət başçılarının 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarının müvafiq bəndlərinin icrası, həmçinin hüquqi əməkdaşlıq mexanizmləri müzakirə edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->