Xəbər lenti

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdi
Ölkə 22:45 12.06.2019

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdi

Bu gün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı "www.LOBBI.az informasiya portalının hazırlanması” layihəsinin ilk təqdimatı edib. Təqdimatda millət vəkilləri, QHT-lərə Dövlət Dəstəyi Şurasının rəsmisi, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri,QHT, media rəhbərləri və gənclər iştirak ediblər.

LOQOS PNİM-in konfrans zalında baş tutan təqdimatı mərkəzin rəhbəri Təranə Məmmədova açaraq qonaqları salamladı. T.Məmmədova LOBBİ.az saytının ölkəmizdə aparılan uğurlu diaspor siyasətinə mühüm tövhə olacağını qeyd etdi.

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov çıxış edərək layihə haqqında geniş məlumat verdi: "Bizim təşkilatımızın əsas strateji profillərindən biri də diaspor siyasətidir. ASGA-nın bu gün Rusiyada, Ukryanda, Polşada və Belarusda nümayəndəlikləri fəaliyyət göstərir. Bu mənada biz dünya azərbaycanlılarının ilk lobbi informasiya mərkəzinin yaradılmasını zəruri hesab etdik. Əminəm ki, bu mərkəz qısa zaman kəsiyində dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımıza lazımi informasiya dəstəyini göstərə biləcək. Bizə dəstək olduğuna görə Şura rəhbərliyinə və katibliyinə dərin təşəkkürümü bildirirəm”.

Daha sonra millət vəkili Elşən Musayev çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dedi. E.Musayev müasir dünya çağırışlarına adekvat olaraq belə informasiya mərkəzlərinin yaradılmasının zəruri olduğunu bildirdi.

QHT-lərə Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Xələf isə çıxışında Şuranın diaspor istiqamətində gördüyü işlərdən danışdı. Şuranın yarandığı gündən bu sahəyə xüsusi önəm verdiyini deyən N.Xələf bu kimi layihələrin xüsusi olaraq dəstəkləndiyini dedi.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Cahid İsmayıloğlu çıxış edərək lobbiçiliyinin inkişafında innovativ alətlərin tətbiqinin vacib olduğunu dedi. C.İsmayıloğlu Komitənin son dönəmlər həyata keçirdiyi uğurlu siyasətdən, layihələrdən və gələcəkdə nəzərdə tutulan proqramlardan danışdı.

AKTOR.az saytının təsisçisi, telejurnalist Telman İsa isə çıxışında dünya azərbaycanlılarının informasiya təminatına tövhə verəcək istənilən təklifin diaspor siyasətinə müsbət təsir edəcəyini dedi.

Daha sonra Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışdı. T.Allahverdili diaspor sahəsində yaradılacaq saytların ölkəmizin milli maraqlarına xidmət etməsinin vacibliyindən danışdı.

Azxeber.com saytının baş direktoru Əfsələddin Ağalarov isə çıxışında müasir dünyanı öz cənginə alan informasiya müharibəsindən danışdı. Bütün sahələrdə olduğu kimi diaspor sahəsində də yeni resursların yaradılmasını vacib hesab edən Ə.Ağalarov LOBBİ.az saytının bu istiqamətdə mühüm işlər görəcəyinə əmin olduğunu dedi.

Tədbirin sonunda LOBBİ.az saytı iştirakçılara təqdim edildi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->