Ötən il Sədərək rayonu ərazisindəki Kültəpə qədim yaşayış yerində aparılan arxeoloji tədqiqatlar nəticəsində Cənubi Qafqazda Dəmir dövrünün ən böyük və ən qədim şəhər yeri aşkarlanıb. AMEA və ABŞ-ın Pensilvaniya Universitetinin arxeoloqları tərəfindən ərazidə bu il də arxeoloji qazıntılar aparılır, aşkar olunan qədim şəhər strukturları öyrənilir.
"Report”un yerli bürosu xəbər verir ki, AMEA-nın müxbir üzvü, ekspedisiya rəhbəri Vəli Baxşəliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi və ABŞ-ın Pensilvaniya Universitetinin birgə arxeoloji ekspedisiyası bu il ikinci ildir ki, Sədərək Kültəpəsi adlanan yaşayış yerində arxeoloji tədqiqat işləri aparır. Onun sözlərinə görə, tədqiqat işləri nəticəsində olduqca önəmli maddi mədəniyyət nümunələri üzə çıxarılıb:
"Yəni, indiyə qədər Naxçıvan Muxtar Respublikasında şəhər tipli yaşayış yerlərinin olması ilə bağlı xeyli fikirlər deyilmişdir. Və Naxçıvan şəhəri yaxınlığında olan II Kültəpədə şəhər tipli yaşayış məskəninin qalıqları aşkarlanıb vaxtı ilə. Amma arxeoloji tədqiqatlar göstərdi ki, şəhər tipli yaşayış yerləri bütün dövrlərdə Naxçıvan üçün xarakterik olub. Və bu gün, burada tədqiqat apardığımız Sədərək Kültəpəsi dəmir dövrünə aid olan şəhər tipli yaşayış yeridir. Ekspedisiya rəhbəri həmçinin bildirib ki, indiyə qədər məlum olduğu kimi burada yaşayan tayfalarla bağlı Azərbaycan tarixinə aid müxtəlif yanlış fikirlər deyilmiş. Hal hazırda aparılan tədqiqatlar bu ərazidə Manna mədəniyyətinə məxsus tayfaların yaşadığını deməyə imkan verir. Çünki, Sədərək Kültəpəsi öz planına görə, demək olar ki, Manna ərazisində mövcud olan Həsənli yaşayış yerini memarlıq xüsusiyyətlərinə görə, tamamilə təkrar edir. Ola bilsin ki, Manna dövlətinin sərhədləri Naxçıvana qədər uzanmışdır. Bu əlbətdə ki, bu bizim ilkin fikrimizdir. Aparılan tədqiqatlar zamanı biz bunu ümumiləşdirəcəyik”.
Arxeoloji ekspedisiyaya həm də Amerika Birləşmiş Ştatları Pensilvaniya Universitetinin professoru Lauren Ristvet rəhbərlik edir.
Amerika Birləşmiş Ştatları Pensilvaniya Universitetinin professoru bildirib ki, Sədərək ətrafındakı qədim yaşayış məskəni çox vacib yerdir: "Böyük ehtimal dəmir dövründən qalma bir şəhərdir. Təqribi eradan əvvəl 1000-ci ildən bir şəhərdir. Cənubi Qafqazda, şimal-qərbi İranda və şərqi Türkiyədə bu dövrə aid məlumatımız olduğu yeganə şəhərdir. Bu dövrə aid olan başqa şəhərlər olsa da hamısı dağılıb.
Amma Biz çox şanslıyıq ki, biz bu qədim şəhəri aşkarlaya bildik. Və siz mənim arxamda böyük bir tikili görürsünüz hansı ki o çay daşı ilə döşənib. Bu yer bu böyük tikiliyə gələn yol sisteminin bir parçası ola bilər, bəlkə də bir saraydı və yaxud bir növ hərbi zastava. Burada tövlə və yaxud yollar ola bilərdi bunu görmək üçün daha çox qazıntı etməliyik. İndi biz binadan daha çox tapmaq üçün 3 əlavə yer qazmalıyıq. Binanın yanında biz çoxlu fərqli şeylər tapmışıq, böyük saxsı qab parçaları, qədim fincanlar və qazanlar. Biz bunu insanların 3000 il əvvəl neçə yaşadığını öyrənmək üçün edirik”.
Onun sözlərinə görə, ötən il və bu il aparılan qazıntılar zamanı qədim şəhər qalıqları, eyni zamanda xeyli sayda maddi mədəniyyət nümunələri aşkarlanıb: "İlkin araşdırmalar Sədərək Kültəpəsi ilə Cənubi Azərbaycanda, Həsənli yaşayış yeri arasında sıx bağlılığın olduğunu sübut edir. Əldə edilən arxeoloji tapıntıların və bu şəhər yerinin tədqiqinin Azərbaycan tarixinin öyrənilməsi üçün olduqca böyük əhəmiyyəti var”.
Qeyd edək ki, aparılan tədqiqatlar həm də tariximizi saxtalaşdırmaq istəyənlərə tutarlı cavabdır. Beləliklə, bu ekspedisiyalar vaxtilə sovet tarixşünaslığında yazılan-"Naxçıvan ərazisi vaxtilə Urartu dövləti tərəfindən işğal olunub və onlar burda yaşayıblar” fikirlərini alt-üst edir. Həm Oğlanqala, həm də Sədərək yaşayış yerində aparılan araşdırmalar sovet tarixşünaslığında möhkəmlənən bu və digər fikirləri rədd etməyə imkan verir”.
Şərhlər