Xəbər lenti

Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? (Təhlil və faktlar)
Ölkə 12:22 18.05.2019

Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? (Təhlil və faktlar)

Kütləvi informasiya vasitələrində və ekspert dairələrində Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişin imzalanması ilə bağlı fərqli fikirlər səsləndirilir və hətta bu sazişin imzalanması üçün konkret vaxt təyin edənlər də var idi. Amma görünən odur ki, saziş hələ imzalanmayıb və tərəflər arasında danışıqlar davam edir. Onda sual olunur ki, sazişin imzalanmasına maneə olan nədir?
 
Qaynarinfo 7News.Az-a istinadən xəbər verir ki, etibarlı mənbələrdən əldə edilən məlumata görə, saziş üzrə müzakirələrin davam etməsinin əsas səbəbi tərəflərin ticarət və enerji məsələləri üzrə bir sıra məsələlərdə fərqli mövqeyə malik olmaları ilə bağlıdır. Avropa İttifaqının digər dövlətlərlə münasibətlərində maksimum ticarət preferensiyalarının əldə edilməsi Aİ-nin əsas strateji siyasətlərindən biridir. Bu saziş vasitəsilə də Aİ maksimum özünə sərf edən şərtlərlə Azərbaycan bazarına daxil olmağa çalışır. Azərbaycan tərəfi də obyektiv əsaslarla öz bazarını, şirkətlərin, o şirkətlərdə çalışan vətəndaşlarının maraqlarını qoruyur. Nəticədə Aİ tərəfi öz bazarını bizim üçün açmır, bizdən isə bu məhdudiyyətin tam şəkildə aradan götürülməsini istəyir.

Bundan əlavə Aİ tərəfi israr edir ki, Azərbaycan bu sazişdə öz üzərində öhdəlik götürməlidir ki, yerli təchizatçı, məhsul, iş və xidmətlərin təşviqinə yol verilməsin. Bunun fəsadı odur ki, kiçik və orta sahibkarların dövlət satınalmalında iştirakının təşviqi mexanizmi məhdudlaşdırılmalıdır. Əksinə, indi dövlət belə bir siyasət aparır ki, yerli istehsalçı və yerli məhsulun iqtisadiyyatımızda rolu böyüsün. Bunu hər bir dövlət edir. Öz iqtisadiyyatını qaldırır, öz məhsulunu, öz istehsalçısının maraqlarını qoruyur. Aİ-nin tələbi dövlətimizin apardığı siyasətinə ziddir.
 
Tərəflər arasında ən çox müzakirə olunan mövzulardan biri enerjidir.  Sazişin ticarət hissəsində qarşı tərəf tələb edir ki, enerji üçün ixrac və daxili qiymətləri arasında bağlılıq yaradılsın və Azərbaycanın enerji ixracatına qiymətqoyma meyarları daim Aİ-nin nəzarət altında olsun, daxili enerji qiymətləri elə tənzimlənilsin ki, sənaye və iqtisadi fəaliyyətlə məşğul olan obyektlərə (müəssisələrə) satılan enerjiyə qiymət artsın. Bu isə öz növbəsində həmin müəssisələr tərəfindən istehsal olunan mal-məhsullara qiymətlərin artırılmasına, beləliklə də onların istehsalının istehlakçı üçün cəlbediciliyini zəiflədə, yerli və xarici bazarlarda bu məhsulun rəqabətqabiliyyətliyinin zəiflədilməsinə gətirib çıxara bilər. Aİ-nin qoyduğu tələb Hökumətimizin həyata keçirdiyi bir neçə sosial-iqtisadi və sənaye-iqtisadi strategiya və proqramlarının icrası ilə kəskin ziddiyyət yaradır. Aİ-nin tələbləri əsasında Azərbaycanın enerji siyasətini həyata keçirməsi Azərbaycanda enerjinin qiymətinin 10 dəfə artması deməkdir. Azərbaycan Aİ-nin tələb etdiyi ölkədaxili enerji siyasətinə gedərsə, onda qazın qiyməti Azərbaycanda 500-650 manat arasında dəyişə bilər.
 
Azərbaycan uzun illər ərzində apardığı danışıqlar nəticəsində sahilyanı ölkələrlə birlikdə Xəzərə dənizinin hüquqi statusu haqqında sazişin imzalanmasına nail olmuşdur. Bu sazişin əsas müddəalarından biri də odur ki, kənar qüvvələrin gəmiləri Xəzər dənizinə buraxılmasın. Aİ tərəfi bu saziş vasitəsilə Xəzər dənizində daşımaçılıq və logistika işlərinə müdaxilə etməyə cəhd göstərirlər. Azərbaycan da haqlı olaraq Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə sadiqdir.
 
Aİ tərəfi iqtisadi-ticarət və enerji məsələlərində Azərbaycan hökumətinin öz milli maraqlarından, o cümlədən vətəndaşlarının maraqlarından çıxış edən siyasət yürütdüyünü görərək siyasi təzyiq vasitələrinə əl atır. Bəzi dairələr tərəfindən Kipr amilindən istifadə edilir. Azərbaycanın Aİ-nin üzvü olan Kipr ilə diplomatik əlaqələri mövcud deyil. Belə bir şərt qoyulur ki, Azərbaycan Kipr ilə diplomatik əlaqələr yaratmasa, Kipr bu sazişin imzalanmasına imkan verməyəcəkdir. Azərbaycanın Kipr ilə diplomatik əlaqələrinin olmamasının səbəbini isə hər kəs çox yaxşı bilir. Əlavə izahata ehtiyac yoxdur.

Kimin nə deməyindən və hansı siyasət yürütməsindən asılı olmayaraq, görünən odur ki, Azərbaycan öz milli maraqları əsasında siyasətini, iqtisadi inkişaf xəttini davam etdirir. Azərbaycanla strateji tərəfdaşlıq Aİ üçün də vacibdir.
 
Bilərəkdən-bilməyərəkdən bu məsələni yerli səviyyədə şərh edən və özləri barəsində Avropaya daha yaxın siyasətçi imici yaratmağa çalışan şəxsər və ya müxalifətçilər heç olmasa nəyi şərh etdiklərinin, iddia etdikləri məsələlərin günün sonunda Azərbaycan vətəndaşlarının maraqlarına, sosial statusuna necə təsir edəcəyinin fərqində olmalıdırlar. 
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->