"Yeni dünya nizamı kontekstində Ankara ilə Bakı arasında məsləhətləşmələrin aparılması, ortaq siyasi paradiqmaların təyin edilməsi, yeni Avrasiya məkanı üçün yeni mövqelərin müəyyənləşdirilməsi daimi zərurətdir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərini şərh edərkən deyib.
Hikmət Babaoğlu bildirib ki, Türkiyə Azərbaycan münasibətləri tarixi, təbii strateji müttəfiqlik münasibətləridir:
"Bunun da hüquqi əsaslarını Şuşa Bəyannaməsi təşkil edir. Hazırda dünyada mürəkkəb proseslər baş verir. Bu yeni dünya nizamı kontekstində hər iki qardaş ölkə arasında məsləhətləşmələrin aparılması, ortaq siyasi paradiqmaların təyin edilməsi, Yaxın Şərq, Qafqaz, eləcə də Ağ dəniz və Xəzər hövzəsində baş verən proseslər kontekstində yeni Avrasiya məkanı üçün yeni mövqelərin müəyyənləşdirilməsi daimi zərurətdir. Bundan başqa, Şərqi Avropada baş verən hadisələr, sülh axtarışları da iki ölkə prezidentlərinin həmin məsələləri dəyərləndirməsini zəruri edir. Azərbaycan Prezidenti deyib ki, Türkiyənin təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Türkiyənin gücü bizim gücümüz, bizim gücümüz də Türkiyənin gücüdür".
Belə olan halda, həmsöhbətimizin fikrincə, hazırda beynəlxalq münasibətlər sistemində aparıcı faktor kimi çıxış edən gücün birgə qiymətləndirilməsi olduqca vacibdir:
"Bu, təkcə hərbi güc deyil, həm siyasi, həm diplomatik, həm də ümumi milli gücün bütün komponentləridir".
Deputat qeyd edir ki, Azərbaycan Prezidentinin qardaş ölkəyə səfərinin konkret məqsədləri də var:
"Naxçıvana çəkilmiş qaz kəmərinin açılışı olacaq. Türkiyənin İğdır bölgəsindən Naxçıvana qaz kəmərinin çəkilməsi mühüm tarixi hadisədir".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Ankaraya yollanıb. Türkiyənin Kommunikasiyalar üzrə Direktor Fahrettin Altunun verdiyi məlumata görə, Prezident Kompleksində keçiriləcək danışıqlarda Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində atılacaq addımların, eləcə də cari regional və qlobal hadisələrə dair fikirlərin müzakirə olunacağı gözlənilir. Səfər münasibətilə 25 sentyabr 2023-cü ildə təməli Prezident Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı yayımla keçiriləcək.
Rüfət Sultan
Şərhlər