Sənət 14:51 28.04.2019

Azərbaycan və Özbəkistanın gənc yazarları əməkdaşlığa başladı (FOTOLAR)

Mərkəzi Azərbaycanda yerləşən Dünya Gənc Türk Yazarlar Birliyi ilə Özbəkistan Respublikasının Gənc Yaradıcılar Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 

Qaynarinfo xəbər verir ki, sənədi  Dünya Gənc Türk Yazarlar Birliyi tərəfdən təşkilatın Məclis başqanı İntiqam Yaşar, Özbəkistanın Gənc Yaradıcılar Birliyi tərəfdən isə təşkilatın başqanı Mehrinaz Abbasova imzalayıb.  

Bir neçə maddədən ibarət olan sənəddə iki ölkə ədəbiyyatının təbliği, gənclərin ədəbi fəaliyyəti istiqamətində səmərəli əməkdaşlıq, bədii tərcümə işi, digər qardaş ölkə və topluluqlarla da əməkdaşlıq, ədəbi əlaqələrin  genişləndirilməsi və s. məsələlər öz əksini tapıb.

Qeyd edək ki, Özbəkistanın Gənc Yaradıcılar Birliyi təşkilatı 2017-ci ildə ölkə prezidenti Şövkət Mirziyayevin fərmanı ilə yaradılıb. Adı çəkilən təşkilat Özbəkistanda bir çox ədəbi layihələrin həyata keçirilməsində önəmli rola malikdir. Gənc Yaradıcılar Birliyi Özbəkistanda və bütövlükdə Türküstan ellərində ən nüfuzlu yaradıcı gənclər birliklərindən hesab olunur. 2019-cu il içərisində Dünya Gənc Türk Yazarlar Birliyi ilə Qırğızıstanın Nurborbor-Xalqlararası Gənclər Akademiyası arasında da belə bir memorandumun imzalanması nəzərdə tutulur.