Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında 2 kiloqram 65 qram narkotik vasitə-kokainin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitədən Qaynarinfo-ya verilən məlumata görə, külli miqdarda narkotik vasitə - kokain turist qismində gəldiyini bildirən Boliviya vətəndaşı Calle Fernandez Mariaya məxsus qara rəngli çamadanda aşkarlanıb. Belə ki, Dövlət Gömrük komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin çamadana keçirilmiş baxış zamanı içərisində xüsusi usulla düzəldilmiş gizli saxlanc yerindən 2 kiloqram 65 qram narkotik vasitə - kokain aşkar edilərək götürülüb.
Fakt əsasında Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.
Calle Fernandez Maria şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Aparılmış istintaqla müəyyən edilib ki, Calle Fernandez Maria külli miqdarda kokaini Boliviyanın Santa Kruz de la Sierra şəhərindən avtobusla Braziliyanın Kampo Qrande şəhərinə, oradan hava yolu ilə Sao Paulo şəhərinə, sonra Rio de Janeiro şəhərinə, oradan isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə, son olaraq isə Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə daşıyıb.
Cinayətin törədilməsində iştirakı olan digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də ümumi çəkisi 25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.
Belə ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuş Şahin Əliyevdən 14 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 22,5 kiloqrama yaxın marixuana götürülüb.
Keçirilmiş əməliyyat tədbirləri ilə Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Ramazanovdan 480 qram marixuana, Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sərdar Valeyevdən 451 qramdan çox heroin, Quba RPŞ-nin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Şəfiyevin üzərindən və Zizik kəndindəki evindən 442 qram marixuana, Yevlax RPŞ-nin əməkdaşları şəhər sakinləri Kamran Məmmədovdan 430 qramdan artıq, əvvəllər məhkum olunmuş Sahib Mahmudovdan isə 425 qram marixuana götürüblər.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şərhlər