Ötən il Azərbaycanda daimi yaşamaq üçün gələnlərin sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana daimi yaşamaq üçün 3016 nəfər gəlib. Onlardan 1433 nəfəri kişi, 1583 nəfəri isə qadın olub.
Statistikaya əsasən, 2024-cü ildə xarici ölkəyə daimi yaşamaq üçün gedənlərin ümumi sayı 2298 nəfər təşkil edib. Onlardan 1046 nəfəri kişi, 1252 nəfəri isə qadın olub.
Azərbaycana daimi yaşamaq üçün gələnlər kimlərdir?
İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən statistika geniş təhlil aparmaq üçün yetərli deyil:
"Bunun üçün ən azı 10 ilin statistikası götürülməlidir. Azərbaycana daimi yaşamaq üçün qayıdanların səbəbləri də açıqlanmalıdır. Bunları bilmədən ətraflı fikir bildirmək çətindir”.
İqtisadçı vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, bu rəqəmlər daimi yaşamaq icazəsi alan şəxslərlə bağlıdır:
"Statistika Komitəsi rəsmi sənədlərə əsaslanır. 3016 nəfər Azərbaycan vətəndaşı deyil, xarici vətəndaşlardır. Onlar Azərbaycanda yaşamaq üçün icazə alırlar. Bizdə bu iki cürdür: biri müvəqqəti yaşamaq üçün icazə, digəri daimi yaşamaq üçün. Azərbaycan vətəndaşı da xaricə gedəndə daimi yaşamaq üçün icazə alır. Bu, sənədlə rəsmiləşir. Azərbaycanda neçə nəfərin daimi yaşamaq icazəsi aldığını Dövlət Miqrasiya Xidməti dəqiq bilir. Əvvəlcə müvəqqəti yaşamaq icazəsi verilir, onun müddəti bir ildir. Azərbaycandan xaricə daimi yaşamaq üçün gedənlərin sayını isə bizim qurumlar bilə bilməz, bunu xarici dövlətlər qeydə alır. Ola bilsin, həmin vətəndaşlarımız özləri məlumat verir. Amma yüzlərlə insan var ki, heç bir yerdə qeydiyyata düşmür. Daimi yaşamaq icazəsi almaq asan məsələ deyil. Çoxlu azərbaycanlı var ki, xaricdə yaşayır, hər dəfə də müvəqqəti icazə alır”.
Əkrəm Həsənov əlavə edib ki, bu gün Azərbaycandan xaricə gedib daimi yaşamaq istəyənlərin sayı kifayət qədərdir:
"Çin, Rusiya, Amerika, Qətər, İngiltərə, Avropa ölkələri, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Koreya və başqa yerlərdə bu gün çoxlu azərbaycanlı yaşayır. Ən çoxu Rusiyadadır. Baxın, onların üzləşdiyi çətinliklərə. Nə qədəri geri qayıdır? Demək olar, heç kim. Azərbaycandan gedənlərin sayı daha çoxdur. Niyə? Çünki insanlar normal qazanmaq və yaşamaq üçün həmin ölkələrə üz tutur. Bu günlərdə məlumat yayılmışdı ki, adambaşına düşən ÜDM göstəricisinə görə biz Gürcüstandan belə geri qalırıq”.
Onun sözlərinə görə, bu vəziyyət iqtisadi böhranı göstərir:
"İnsanlar Azərbaycandan getmək istəyirlər, sadəcə haqqı olmaq üçün fəhləlik etməyə də razıdırlar. Məsələn, evində yaşayırsan, hansısa tikinti şirkəti Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşır və mənzilini əlindən alır. Bir günün içində vətəndaş evindən çıxarılır, özü də məhkəməsiz. Bir ölkədə ki, insanın qanuni mülkiyyət hüququ qorunmur, orada kim qalmaq istər? Sahibkarlıqdan danışmağa ümumiyyətlə dəyməz. Ölkədə gəlirlər azalır, qiymətlər artır. Buna görə də ölkədən axın qaçılmazdır. Həmin ölkələrdə də iş bazarında ciddi rəqabət var”.
İqtisadçı Natiq Cəfərli isə son illər yalnız Türkiyəyə köçənlərin sayının 70 min nəfərə çatdığını xatırladıb:
"Azərbaycan bəzi ölkələr üçün cəlbedici görünür. Məsələn, Türkmənistan və Tacikistandan Azərbaycana gələnlərin sayı çoxdur. Xarici vətəndaşlarla ailə quran, yaxud da azərbaycanlılarla evlənənlər də var. Bu normal prosesdir”.
Bahar Rüstəmli
Şərhlər