"Milli Məclis yanında Toponomiya Komissiyasının sonuncu iclasında Azərbaycanın 1 şəhərində, 14 rayonunda 27 yaşayış yerinin adının dəyişirilməsi ilə bağlı məsələyə baxılıb və müvafiq qərar qəbul edilib”.
Qaynarinfo xəbər verir ki, bunu Toponomiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli modern.az-a açıqlamasında deyib.
Komissiya sədri 3 istiqamətdə təkliflərin daxil olduğunu xatırladıb: "Vaxtilə kəndlərin tarixi adı dəyişdirilərək, onlara sovet bolşevik rəhbərlərinin adları verilib. Məqsəd həmin bolşeviklərin adlarının əbədiləşdirilməsi olub. Xanlar Səfərəliyevin, Məşədi Əzizbəyovun, Bünyad Sərdarovun, Səmədağa Ağamallıoğlunun, Əli Bayramovun, Qasım İsmayılovun, Müqtədir Aydınbəyovun adına və yaxud soyadına kənd adları uyğunlaşdırılıb. Bu zaman isə həmin yerlərin tarixi adları süni şəkildə silinib. Daha sonra isə bir zamanlar bəzi kəndlərə rus əlifbası ilə adlar verildiyinə görə onların tarixi adları silinib. Vaxtilə çar Rusiyasının müxtəlif quberniyalarından Azərbaycana rus, gürcü, erməni ailələri köçürülərək, burada məskunlaşdırılıb. Həmin millətdən olanların adları Azərbaycanın qədim yerlərinə verilib. İndi isə həmin adlar aradan qaldırılaraq, onların Ağlabaşlı, Balaçaylı, Düzqışlaq, Xanbulaq, Şıxlı, Şorabad kimi tarixi adları yenidən bərpa edilib”.
İsa Həbibbəyli bildirib ki, 27 yaşayış yerinin adının dəyişirilməsi ilə bağlı yekun qərar verilib: "Artıq biz 27 yaşayış yerinin adının dəyişirilməsi ilə bağlı müvafiq dəyişikliyi etmişik. Bu dəyişikliklərə Milli Məclisin növbəti plenar iclaslarının birində baxılacaq”.
Şərhlər