Ölkə 13:49 04.04.2020

Azərbaycanda akademik 94 yaşında vəfat edib

Azərbaycan pedaqoji ictimaiyyətinə ağır itki üz verib.

"Report"un xəbərinə görə, əməkdar ali məktəb işçisi, Prezident təqaüdçüsü, akademik Hüseyn Əhmədov 94 yaşında vəfat edib.

Qeyd edək ki, Hüseyn Mustafa oğlu Əhmədov 17 iyul 1926-cı ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Toxluca kəndində anadan olub. Ailəsi ilə birlikdə 1936-1940-cı illərdə İrəvan yaxınlığındakı Kənəkir rayonunun Göykilsə kəndinə köçüb, 1939-cu ildə orada 7-ci sinfi, Kənkan kəndində 8-ci sinfi bitirib. 1943-cü ildə IX sinfi bitirdikdən sonra Toxluca kənd məktəbinin ibtidai siniflərində dərs deyib.

H.Əhmədov 1973-cü ildə "Azərbaycan SSR qabaqcıl maarif xadimi", 1977-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanları, 1985-ci ildə Ümumittifaq "Bilik” cəmiyyəti idarə heyəti tərəfindən "Fəalişinə görə” döş nişanı ilə təltif edilib. 1981-ci ildə ona "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilib,1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib. 

O,1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, həm də Beynəlxalq PEA-nın həqiqi üzvü seçilib. 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın "Y.A.Komenski adına Böyük Qızıl Medalı" ilə, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmet" qızıl medalı ilə təltif edilib. 2006-cı ildə "El gücü" Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına "Əsrin Akademiyası"na həqiqi üzv qəbul olunub. H.Əhmədov 2006-cı ildə Amerika Beynəlxalq Ekspert və Bioqrafiya Araşdırmalar İnstitutu tərəfindən "Pedaqogika elminin məharətli bilicisi" elan edilib. 

2007-ci ildə Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən "K.D.Uşinski”, 2011-ci ildə Pusiya Təhsil Akademiyası tərəfindən elmdəki nailiyyətlərinə görə Qızıl medal ilə mükafatlandırılmışdır. 2007-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür. Mühasibə və əmək veteranı olan Hüseyn Əhmədov "Böyük Vətən müharibəsində (1941-1945-ci illər) rəşadətli əməyə görə” (1946) medalı, "Böyük Vətən müharibəsində qələbənin 50 illiyi” döş nişanı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi” yubiley medalı ilə təltif olunub. 

Onun "Seçilmiş əsərləri”nin Azərbaycan və rus dillərində 29 cildliyi nəşr olunub. 

Allah rəhmət eləsin!