"Vətəndaş, onu kredit bataqlığına salan banklara qarşı müdafiəsiz qalacaq"
Milli Məclis nümayəndəlik institutunun məhkəmədə təmsilçiliyini məhdudlaşdırmaqla, əhalini, sadəcə 700-ü fəal olan 900 vəkil ilə təmsil olunan Vəkillər Kollegiyasının ümidinə buraxdı".
Bunu hüquqşünas Ələsgər Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün, sadəcə elektron məhkəmə portalına adaptasiya edilən məhkəmələrdə olan işlərin sayı 373 mindən çoxdur: "500 mindən çox ümumi iş varsa, cəmi 700-800 vəkil bütün günü çalışsa, yenə bunu çatdıra bilməz".
"Bundan başqa, bölgələrdə yaşayan 7 milyon əhaliyə cəmi 235 vəkillə xidmət etmək real görünmür, mümkün deyil. Yəni, hər 30 min nəfəri bir vəkil təmsil edəcək. 600-dən çox hakimin, 600-dən çox hakim köməkçisinin, prokurorluq orqanlarında, DİN-də, vergidə, gömrükdə fəaliyyət göstərən minlərlə müstəntiqin, prokurorun qarşısında cəmi 900 nəfər vəkil 10 milyon insanı cinayət, inzibati və məhkəmə işlərində "keyfiyyətli" təmsil etməlidir" — Məmmədli bildirib.
Hüquqşünas deyib ki, minlərlə vətəndaşı müxtəlif hiylələrlə aldadıb, kredit bataqlığına salan banklara qarşı, o qədər insanı müdafiə edən nümayəndələr olmadığından, həmin vətəndaşlar banklar qarşısında bundan sonrakı proseslərdə müdafiəsiz qalacaqlar: "Bu da ayrı bir problemdir".
"Azərbaycanda sadəcə bir kollegiya var. Halbuki, bir çox yerlərdə belə deyil. Məsələn, Türkiyədə çoxlu barolar (vəkillər kollegiyaları) mövcuddur. 1997-ci ildə İstanbul Vəkillər Kollegiyasının üzvü olmuşam. Türkiyədə Ankara Barosu, Diyarbəkir Barosu və sair var. Yəni, bunlar sonda birləşirlər. Azərbaycanda isə belə bir şey yoxdur. Vətəndaş 3-4 ildən bir imtahan keçirilən, bir neçə pilləli olan bir strukturdan asılı qalacaq. Bu da ayrı bir problemdir" — ekspert vurğulayıb.
O, əlavə edib ki, hakimlər vəkilləri istədikləri vaxt cəzalandırmaq üçün Kollegiyaya müraciət edir və Kollegiya vəkilləri çölə atırdı: "Bir çox vəkillər var ki, onları Vəkillər Kollegiyasından, məhz hakimlərin müraciəti əsasında uzaqlaşdırıblar. Amma hakimlər nümayəndələri qova bilmirdilər. Nümayəndələr Kollegiyadan asılı deyildilər ki, onları cəzalandıra bilsinlər. Beləliklə, hakimlər zaman-zaman nümayəndələrin haqlı iradlarını dinləməli olurdular".
Hüquqşünasın sözlərinə görə, nümayəndələr mülki və inzibati işlərə çıxırdılar: "Cinayət işlərinə onsuz da çıxa bilmirdilər. Nümayəndələrin böyük çoxluğu hüquqşünasdır və onlar Kollegiyaya qəbul olunmasalar da, hüquq fəaliyyəti ilə məşğuldurlar, təhsilləri hüquqdur".
Hüquqşünas Elyar Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hazırda Vəkillər Kollegiyasının, təxminən 900 üzvü var, lakin, real iş yükü həddindən artıq çoxdur: "Bu dəyişikliklə vəkil olmayan şəxslərin nümayəndə olması məhdudlaşdırıldı. Hesab edirəm ki, hazırda vəkillərin sayı bu yükü daşımağa kifayət deyil".
"İkinci problem odur ki, yaxın gələcəkdə vəkillərin sayının o yükü çəkə biləcək dərəcədə artırılacağına da real imkan görmürəm. Çünki artıq Kollegiyaya sənəd qəbul olub. Sənəd verənlərin hamısı qəbul olsa belə, yenə kifayət deyil ki, bu yükü çəkə bilsin. Yaxşı fikirdir ki, vətəndaşlara hüquqi xidməti peşəkar vəkillər həyata keçirməlidirlər. Lakin vəkillik sahəsi reallıqda buna hazır deyil" — Həsənov bildirib.
Onun fikrincə, digər tərəfdən, dövlət hesabına vəkil təyin edilərkən ödənişlərin məbləği çox azdır: "Bu da bu məsələ ilə bağlı fəsadlara gətirib çıxardacaq. Düşünürəm ki, vəkillik institutunun vəziyyəti əvvəlcə yüksəldilməli, sonra bu məhdudiyyət tətbiq edilməli idi. Bu, çox tez olub".
Hüquqşünas, nümayəndəliyin məhdudlaşdırılmasının qaydası ilə də razı deyil: "Məsələn, məhdudlaşdırdılar ki, yalnız yaxın qohumlar nümayəndə ola bilərlər. Məncə, bu, doğru məhdudiyyət deyil. Nümayəndəlik etməyin sayına məhdudiyyət qoyulsaydı, daha uğurlu olardı. Məsələn, deyilərdi ki, 1 adam il ərzində 5 nəfərdən çox şəxsin nümayəndəsi ola bilməz. Bu, daha mütərəqqi məhdudlaşdırma ola bilərdi".
Qeyd edək ki, oktyabrın 31-də Milli Məclisin plenar iclasında Mülki Prosessual və İnzibati Prosessual məcəllələrin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirə edilərək təsdiqlənib. Layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlıdır. Layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Bununla bağlı Mülki Prosessual Məcəlləyə əvvəlki dəyişiklikdə əlavə kimi təklif olunan 69.1-1 maddəsinə əlavələr edilir.
Digər yenilik isə odur ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun 1.4 və 1.6 maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.
Xatırladaq ki, dəyişiklik layihələri Ali Məhkəmənin sədri tərəfindən Milli Məclisə daxil olub. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur. Layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Həmçinin kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.
Sözügedən iclasa sədrlik edən I vitse-spiker Ziyafət Əsgərov, layihələrin qəbulunun lehinə olduğunu deyib: "Mən hesab edirəm ki, bunu qəbul etsək, vəkillik institutu daha da işlək olacaq, buna zərurət yaranacaq".
Vitse-spiker Valeh Ələsgərov da nümayəndəlik institunun fəaliyyətinin bərbad olduğunu deyib, bu sahədəki problemin yalnız bu yolla həllinin mümkünlüyünü vurğulayıb.
Onlardan əlavə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov da bildirib ki, qanun layihəsini qəbul etmək lazımdır: "Layihəni qəbul edək və işlənməsinə baxaq. Ehtiyac yaranacaqsa, digər sənədlərə də dəyişiklik edərik. Amma indidən birmənalı şəkildə bunun düzgün olmadığını iddia etmək doğru fikir deyil.
Qaynarinfo.Az
Şərhlər