Xəbər lenti

Azərbaycanda din fənninin keçirilməsi təklifinə təhsil ekspertindən münasibət
Ölkə 18:29 23.04.2021

Azərbaycanda din fənninin keçirilməsi təklifinə təhsil ekspertindən münasibət

"Din dərsi insanlarda mənəvi və dini boşluğun doldurulmasına böyük töhfə verəcək. Adətən gənclər islamı düzgün dərk etmədikdə yanlış yollara meyl edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deputat Etibar Əliyevin orta məktəblərdə din fənninin keçirilməsi təklifinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması, dindarlar ordusu yetişdirmək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə, cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir:

"Bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində "Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur. Orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki, həm şagirdlərin dini cəhətdən savadlanması sağlam əsaslar üzrə baş versin, həm də onlar tarixi ənənəmiz və keçmişimizin dini tərəfini öyrənsinlər. Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımıza yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlı və gənclərə təsir göstərir. Məhz bu zəruri edir ki, orta məktəblərin aşağı siniflərindən başlayaraq dini biliklər tədris olunsun. Amma qeyd etmək istəyirəm ki, dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil almağı fərq etmir. Əsas budur ki, müəllim islam dinini yaxşı bilsin, ölkəmizin milli-mənəvi "xəritə”sinə bələd olsun. Xaricdə oxuyan əksər dindarların, bəlkə də ən çatışmayan cəhəti Azərbaycan reallığına bələd olmamaqları, təhsil aldıqları ölkələrin dini mühitini ölkəmizdə kortəbi şəkildə yaratmaq cəhdləridir. Bir sözlə, yerli məzunların əksəriyyəti sağlam dini tədris aparacaq səviyyədə deyil”.
 
 

Ekspert bildirib ki, din fəninin şagirdlər tərəfindən yaxşı şəkildə mənimsənilməsini təmin edən əsas amillərdən müəllimin özü dinin əmr və qadağalarına riayət etsin, əxlaq və davranışı ilə həyat tərzi ilə onlara nümunə olsun:

"Din fəninin tədrisini aparan müəllimin pedaqoji və psixoloji biliyi olmalı, tədris zamanı yekcins çatdırma və öyrətmədən uzaq olmalıdır. İslama dar baxış, dünyagörüşünün məhdudluğu da din fənninin tədrisi ilə məşğul olacaq müəllimlər üçün yolverilməzdir. Bir də vurğulamaq istəyirəm ki, əxlaqlı, mənəviyyatlı, milli-mənəvi dəyərlərə malik və vətənə sevgisi olan insan uşaq ikən formalaşdırılmalıdır. Bunun üçün din dərsinin tədrisi ən münasib üsullardandır. İslamın gözəlliklərindən, Məhəmməd peyğəmbərin yüksək əxlaqından məlumatlı olan hər bir şagird bundan özünə ibrət götürəcək”. 
Kamran Əsədov onu da əlavə edib ki, qanunvericilik aktlarına görə, orta məktəblərdə hansısa dini mərasimlərin keçirilməsi, onun təbliğ edilməsi yolverilməzdir.

Qeyd edək ki, Milli Məclisin deputatı Etibar Əliyev orta məktəblərdə din fənninin keçirilməsini təklif edib. Deputat "Azərbaycanda orta məktəblərdə dinin tədris olunması müzakirə edilir”, - deyə bildirib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->