Xəbər lenti

Azərbaycanda dolu buludları atəş açılmaqla dağıdıla bilər
Ölkə 22:33 17.05.2018

Azərbaycanda dolu buludları atəş açılmaqla dağıdıla bilər

Azərbaycanda kənd təsərrüfatı məqsədləri üçün doluya qarşı mübarizə sisteminin yaradılması ilə bağlı təkliflər hazırlanıb.

Qaynarinfo xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Hazırda doludan müdafiə sisteminin qurulmasının gündəlikdə olduğunu deyən M.Həsənov qeyd edib ki, sovet dövründə belə bir sistem mövcud olub və onun nəticələri çox effektiv olub:

"Lakin 80-ci illərin sonunda bu sistem ləğv edilib. İndi sistemin yenidən bərpası məsələsi gündəmdədir. Belə bir sistemin qurulması metodikasının hazırlanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təkliflər hazırlanaraq Nazirlər Kabinetinə (NK) təqdim edilib. Təklflər paketi rəy alınmasi üçün NK tərəfindən aidiyyatı qurumlara, o cümlədən AMEA Coğrafiya İnstitutuna da təqdim edilib. Hazırda təklflər müzakirə edilir. Bu sistemin qurulması artıq hökumətin səlahiyyətində olan məsələdir".

M.Həsənov bildirib ki, təkliflərdə ETSN-nin nəzdində doluya qarşı mübarizə qurumunun yaradılması, Şəki- Zaqatala, Şamaxı-İsmayıllı, Gəncə-Qazax zonasında, eləcə də Şəmkirdə, Daşkəsəndə qrad tipli silahların quraşdırılması məsələləri öz əksini tapıb. Bu təkliflər reallaşacağı təqdirdə həmin ərazilərdə bu silahlardan atəş açma yolu ilə dolu buludları dağıdılacaq və onlar yağışa çevriləcək.

M.Həsənov belə bir metodun bütün dünyada mövcud olduğunu və səmərəli nəticə verdiyini də açıqlayıb.
Mütəxəssis bildirib ki, Azərbaycanda 1881-ci ildən (Azərbaycanda ilk dəfə olaraq, Bakıda meteoroloji müşahidələrininaparılmasına başlanılıb) 1960-cı ilədək olan dövrlə müqayisədə 1961-ci ildən indiyədək olan dövr ərzində ölkədə dolu yağma hallarının intensivliyi 10 dəfəyədək artıb. Dolu yağma hallarının artması müxtəlif istiqamətli hava kütlələrinin Azərbaycana daxil olma intensivliyinin artması, yəni cənubdan gələn isti - tropik hava kütlələri, Aralıq dənizi üzərindən gələn cənub siklonları ilə Atlantik okeanı üzərindən gələn mülayim hava kütlələrinin bir-birini tez-tez əvəz etməsi ilə əlaqədardır.

Coğrafiya İnstitutunun direktor müavini bildirib ki, Azərbaycanda ən çox dolu orta dağlıq ərazilərdə müşahidə edilir. Ölkə üzrə ən çox dolu isə Naxçıvan Muxtar Respublikasının Ordubad və Culfa rayonlarının ərazilərinə yağır. Kiçik Qafqazda Goranboy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonları, Böyük Qafqazda Şamaxı, İsmayıllı, Şəki, Zaqatala rayonları da çox dolu yağan ərazilərdəndir.

M.Həsənov əlavə edib ki, Azərbaycanda fəsillərin keçid dövrü, əsasən də may-iyun ayları üçün dolu səciyyəvi haldır.

Qeyd edək ki, Prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə də doluya qarşı mübarizə ayrıca bənd kimi qeyd edilib.

Sənəddə bildirilir ki, dünya təcrübəsində hava şəraitinə, dolu yağması nəticəsində baş verə biləcək fəsadların qarşısının alınması və ya azaldılması, müvafiq ərazidə kənd, meşə və kommunal təsərrüfatların maraqlarına uyğun olaraq tədbirlər görülməsi vacibdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->