"Respublika Taun Əleyhinə Stansiyaya tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 860-dan çox nümunə daxil olub və nümunələrin heç birində "donuz qripi" aşkarlanmayıb”.
Bunu e-tibb.az-a Stansiyanın Epidemioloji tədqiqatlar şöbəsinin müdiri Kamran Əfəndiyev deyib.
O bildirib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında "donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb. Palatalar dərman vasitələri və tibbi ləvazimatla təchiz edilib.
Hərarətli xəstələri aşkarlamaq üçün sərhəd keçid məntəqələri də termoindikatorlarla təchiz edilib.
Bu yerdə qeyd edək ki, son bir ay ərzində qonşu Gürcüstanda A tipli H1N1 ("donuz qripi") virusundan ölənlərin sayı 13 nəfərə çatıb, Ermənistanda isə 10-dan çox insan bu virusa yoluxub.
"Donuz qripi”ndən qorunmağa dair tövsiyələr
A (H1N1) tipli qripə ("donuz qripi") qarşı qorunmaq üçün xəstə görünən, hərarəti olan və öskürən şəxslərlə təmasda olmamaq, tez-tez əlləri sabunla yumaq, kifayət qədər yatmaq, fiziki aktivlik və yaxşı qidalanmaq lazımdır.
Eyni zamanda, xəstəni digər ailə üzvlərindən təcrid etmək (ən azı 1 metr məsafədə saxlamaq), xəstə ilə təmasda olarkən ağız və burunu maska ilə örtmək, xəstənin istifadə etdiyi məişət əşyalarını təmiz yumaq, xəstə ilə hər təmasdan sonra əlləri təmiz yumaq, xəstə olan otağın havasını mütəmadi olaraq dəyişmək və xəstənin olduğu mühiti kifayət qədər təmiz saxlamaq vacibdir.
Əgər sizdə hərarət, ümumi halsızlıq, öskürək və ya boğaz ağrısı varsa, mütləq evdə qalın, işlədiyiniz yerə getməkdən, kütlə ilə təmasdan çəkinin. Kifayət qədər istirahət edin və çoxlu miqdarda maye qəbul edib, öskürdükdə və ya asqırdıqda, ağzınızı və burnunuzu birdəfəlik tənziflə örtün, silin və bu tənzifi ayrıca zibil qutusuna atın. Ən əsası isə həkimə müraciət edin!
Şərhlər