"Azərbaycan e-ticarətin inkişafı sahəsində 2 pillə geriləyib”.
Qaynarinfo xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz BMT-nin Ticarət və İnkişaf üzrə qurumunun (UNCTAD) illik hesabatını şərh edərkən deyib. O, reytinq hazırlanarkən aşağıdakı göstəricilərdən istifadə edildiyini vurğulayıb:
"Azərbaycan elektron ticarət üzrə 152 ölkə arasında 65-cı yerdə qərarlaşıb. Ötən il Azərbaycan 63-cü pillədə olmuşdu. 2018-ci ildə 68-ci yerdə olub. Reytinq hazırlanarkən aşağıdakı göstəricilərdən istifadə edilib :
1. Ölkədə İnternetdən istifadə vəziyyəti,
2. Bank xidmətlərinə əlçatanlıq, mobiil ödəniş sistemləri,
3. Təhlükəsizi serverlər, İnternet mağazaların sayı,
4. Poçtun, çatdırılma xidmətinin vəziyyəti , bağlamaların çatdırılma vaxtı. Maraqlıdır ki, Azərbaycan 2-ci və 3-cü bəndlər üzrə daha aşağı göstəricilər əldə edib. MDB ölkələri arasında ən yüksək göstərici 35-ci pillədə olan Belarusdadır . Rusiya 41-ci, Gürcüstan 47-ci, Ukrayna 51-ci, Moldova 53-cü, Qazaxıstan 60-cı, Ermənistan 84-cü yerləri qazanıblar”.
Bəs, geriləmə nə üçün olub?
Osman Gündüz qeyd edib ki, ölkəmizdə e-ticarətin inkişafı üçün əsas baza rolunu oynayan qanuvericilik uzun müddətdir ki, yenilənmir:
"Ölkəmizdə rəqəmsallaşma hüquqi islahatlardan daha sürətli gedir. Uzun müddətdir ki, Mərkəzi Bank "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında" qanun layihəsini hazırlayıb başa çatdıra bilmir. 4-5 il öncə, xatırlayıram ki, bu layihəni Maliyyə Bazarlarına Nəzarət Palatası hazırlamışdı. Sonradan bu qanun layihəsinin təkmilləşməsinə MB sahiblik etdi. Və beləliklə də unuduldu. Görünür ki, burada da maraqlı tərəflər ödəniş sektorundakı üstün mövqeyin itirilməsindən ehtiyat edərək, inhisraçı mövqeyin itirlməsindən çəkinərək bu qanunun qəbulunda maraqlı deyillər. Həmçinin uzun illərdi ki, ”Elektron ticarət haqqında” qanuna yalnız bir dəfə, o da e-ticarət yolu ilə alınan malları vergiyə cəlb etmək üçün dəyişiklik edilib.
Belə çıxır ki, hökumət özünə lazım olanı dərhal əldə etmək üçün dərhal da qanunu dəyişə bilib. Amma inkişafa yönəlik məsələlərdə dəyişiklik nədənsə uzun zaman alır. E-ticarətin inkişafı üçün bu qanunun kökündən dəyişilməsi daha doğru olardı”.
Osman Gündüz bildirib ki, e-ticarətin ölkəmizdə inkişafı üçün müəyyən vergi güzəştlərinin tətbiq edilməsi vacibdir:
"E-ticarətin müəyyən müddət ƏDV-dən azad edilməsi daha doğru addım olardı. E-ticarətin daha da inkişafı üçün internetin keyfiyyəti artırılmalıdr, infrastrukturun dayanıqlığı təmin edilməlidir, hökumət sistemli tədbirlər həyata keçirməlidir”.
Bahar Rüstəmli
Şərhlər