"Payız və qış fəslində canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır. Bunun səbəbi heyvanların yem bazasının azalması, qida ilə bağlı axtarışa çıxmağa və daha çox qida əldə etməyə çalışmasıdır".
Qayanrinfo "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu heç də canavarların sayının çox olması ilə əlaqəli deyil: "AMEA-nın Zoologiya İnsitutundan aldığımız məlumata görə, ölkədə canavarların sayı 2000 baş həddindədir. Bu da ümumi qəbul edilmiş dinamikadan çox da fərqli deyil. Canavarların heyvanlara hücum etməsinin digər səbəbi yaşayış məntəqələrinin sayının artması və evlərinin yırtıcı heyvanların yaşayış arealına girişi ilə əlaqədardır".
H.Əlizadə qeyd edib ki, az ölkələrdə meşələrdə canavarların yemlənməsi üçün meşələrə yem qoyulma halları olur: "Canavar 40-60 km yolu miqrasiya edə bilər. Onun yolunu bilmək çətindir. Ona görə də onlar üçün meşələrə yem qoymağı effektiv üsul saymıram. Əsas odur ki, insanlar daha məsuliyyətli olmalıdır".
"Dünyada çox az sayda ölkələr, o cümlədən Azərbaycan kənd təsərrüfatı heyvanlarını saxlamaq qaydalarına riayət etmir. Heyvanları açıb buraxırıq, sonra da belə hallar olur. Araşdırdıq ki, fermerlər toya gedib, qoyunları açıq ərazidə qoyub və heyvan yiyəsiz qalıb. Heyvanları qorumaq üçün elektrik çəpərinin çəkilməsindən istifadə oluna bilər. Canavarların sayı təhlükəli həddə çatsa, dövlət tərəfindən onun tənzimlənməsi məsələsinə müdaxilə oluna bilər", - Nazirlik rəsmisi əlavə edib.
Şərhlər