"Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Azərbaycandakı ofisini bağlayır.
"Qaynarinfo" xəbər verir ki, bu barədə təşkilatın avqustun 7-də yaydığı məlumatda bildirilir:
"Qubada fəaliyyət göstərən mərkəzlərimiz fəaliyyətini avqustun 1-dən dayandırıb. Təşkilatın Bakı ofisi isə qarşıdakı 2 ay ərzində fəaliyyətini könüllü davam etdirəcək və məhdud miqyasda hüquqi yardım göstərəcək”, - deyə məlumatda qeyd edilir.
Təşkilatın Bakı ofisi və iki regional mərkəzi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən "Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində xidmət göstərirdi. "Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsinin müddətinin uzadılması ilə bağlı bu il fevralın 17-də Ədliyyə Nazirliyinə müraciət edilib. Ancaq qeydiyyatı ilə bağlı bildiriş (və ya imtina) verilməyib. Buna görə təşkilatın Bakıdakı və regionlardakı mərkəzlərinin fəaliyyətinin layihə çərçivəsində maliyyələşməsi mümkün olmayıb:
"Regional mərkəzlərimiz tərəfindən korrupsiya halları, məmur özbaşınalığı və digər hüquq pozmalarla əlaqədar vətəndaşlara pulsuz hüquqi yardım göstərilib. 2012-ci ilin sentyabrından 2017-ci ilin avqustunadək mərkəzlərimizin pulsuz hüquqi xidmətlərindən faydalanan vətəndaşların sayı 8080 nəfər olub. "Şəffaflıq Azərbaycan” təşkilatının regional ofisləri regionlarda bürokratizm, korrupsiya problemlərinin dinamikasının anlaşılması və bu problemlərin aradan qaldırılması üçün hökumətə təkliflərin hazırlanıb təqdim edilməsi baxımından əhəmiyyətli rol oynayıb. Regional mərkəzlərin fəaliyyətinin dayandırılması hökumətin anti-korrupsiya siyasətinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun daha da zəifləməsinə gətirib çıxaracaq”, - deyə təşkilatın açıqlamasında bildirilir.
Qaynarinfo.Az
Şərhlər