Xəbər lenti

Azərbaycanda prezidentliyə neçə namizəd var? (SİYAHI)
Siyasət 18:57 09.02.2018

Azərbaycanda prezidentliyə neçə namizəd var? (SİYAHI)

Azərbaycanda aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkilərində prezidentliyə iddialı namizədlərin adları məlumdur.

"Report”un xəbərinə görə, indiyədək altı nəfər növbədənkənar Prezident seçkilərində namizəd olacağını bəyan edib. Daha bir neçə nəfərin də namizədliyinin irəli sürüləcəyi ehtimal edilir.

Belə ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) fevralın 8-də keçirilən qurultayında YAP sədri, hazırki Prezident İlham Əliyevin namizədliyi irəli sürülüb.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) ötən il mayın 28-də keçirilən qurultayında Prezident seçkilərində partiya sədri Əli Əliyevin namizəd olacağı açıqlanıb.

Azərbaycan Liberal Demokrat Partiyasının sədri (ALDP) Fuad Əliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ağ Partiyanın sədri Tural Abbaslı da növbədənkənar prezident seçkilərində namizəd olacaqlarını bəyan ediblər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sonuncu qurultayında partiya sədri, deputat Fərəc Quliyevin növbəti Prezident seçkilərində namizəd olacağı barədə qərar qəbul edilib. F.Quliyevin namizədliyinin gələn həftə partiya Məclisinin qərarı ilə irəli sürüləcəyi gözlənilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının da (AXCP) təmsil olunduğu Milli Şura seçkilərdə iştirak etməyəcəyini elan edib. Yeni AXCP sədri Razi Nurullayev isə seçkilərə qatılacağını bildirib.

Müsavat Partiyası isə 2014-cü ildə keçirilən qurultayda partiyanın sabiq başqanı, hazırki Məclis üzvü İsa Qəmbərin namizədliyini irəli sürüb. İ.Qəmbərin növbədənkənar Prezident seçkilərində namizədliyinin irəli sürülüb-sürülməməsi ilə bağlı yekun qərar isə fevralın 10-da keçiriləcək partiya Məclisinin sessiyasında məlum olacaq.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin seçkilərdə namizəd olub-olmayacağı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. MSK növbədənkənar Prezident seçkilərini aprelin 11-nə təyin edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->