Azərbaycanda qeyri-işlək kreditlərin (QİK) həcmi 946,8 milyon manata çatıb. Bunun 518,1 milyon manatı biznes, 388,8 milyon manatı isə istehlak kreditlərinin payına düşüb.
QİK-lərin ümumi kreditlərdə payı 2,9 faiz, istehlak kreditlərində isə 3,8 faiz təşkil edib. Bu rəqəmlər bank sektorunda problemli kreditlərin vəziyyəti və risklərin hansı istiqamətdə daha çox toplandığı ilə bağlı suallar yaradır.
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, mövcud göstəricilər risklərin artdığını göstərir:
“Bütövlükdə bəli, bu göstəricilər risklidir. Çünki artım var və tendensiya artıma doğru gedir”.

Ekspert xüsusilə istehlak kreditlərində yaranan problemlərin banklar üçün daha ciddi risk daşıdığını qeyd edib:
“İstehlak kreditlərində problemlərin olması banklar üçün daha təhlükəlidir. Çünki bir qayda olaraq, bu kreditlərin təminatı yoxdur”.
Ə.Həsənovun sözlərinə görə, biznes kreditlərində isə vəziyyət nisbətən fərqlidir:
“Biznes kreditlərində təminat olur – girov, zaminlik və sair. İstehlak kreditləri isə xüsusən kiçik məbləğli olur və orada, bir qayda olaraq, təminat olmur. Buna görə də problem daha çoxdur”.
Günay İlqarqızı
Şərhlər