Azərbaycanda qadın avtobus sürücüsü:

Azərbaycanda qadın avtobus sürücüsü: "Qorxuram, amma sərnişinlərə hiss etdirmirəm"

"Diqqətsiz adam, hər sahədə diqqətsiz olur, qadın və ya kişi fərq eləmir. Əgər sən öz ailəni, özünü düşünürsənsə, yaşamağını istəyirsənsə, qarşıdan gələni də özün qədər istəməlisən"

Elə peşələr var ki, onlarla yalnız kişilərin məşğul olduğunu görməyə adət etmişik. Buna baxmayaraq, bəzi qadınlar da var ki, bütün əziyyətləri gözə alır, qadına yad olan bir sahəni seçir və bununla da ailələrini dolandırmağa çalışırlar.

Sputnik Azərbaycan bu gün oxucularını belə peşələrdən biri ilə məşğul olan Nisə Əliyeva ilə tanış edəcək. Tovuz rayonu Qovlar şəhər sakini olan Nisə xanım 9 ildir ki, mikroavtobus sürücüsü kimi çalışır. 57 yaşlı bu xanım özünə məxsus "QAZel" markalı avtomobillə insanlara xidmət göstərir.

Nisə Əliyeva sürücülük peşəsini məcburiyyətdən seçdiyini deyir: "Ali təhsilliyəm. Texnologiya İnstitutunu bitirmişəm. Sovetlər vaxtı sovxozda operator işləyirdim. Hər gün sovxozun ümumi məlumatlarını rayonun birinci katibinə məruzə edirdim. Sonra kolxoz dağıldı, həmkarlar təşkilatında çalışdım. Lakin maddi çətinliklər məni öz işimi qurmağa məcbur elədi".

"Əvvəl briqada yaratdım. Mövsüm vaxtı gedib Şəmkir rayonunun istilikxanalarında qablaşdırma işləri görürdük. Yol uzaq olduğundan gedib-gəlmək üçün sürücü tuturduq. Elə olurdu, sürücünün işi çıxırdı, gəlmirdi, biz də qalırdıq yollarda. Ona görə də qərara gəldim ki, əgər bu işi seçmişəmsə, elə bir maşın da alım, işçilərim yolda qalmasın", — deyə əlavə edir həmsöhbətimiz.

Əvvəllər də avtomobil idarə etməyi bacardığına görə, Nisə xanıma mikroavtobus sürmək çətin gəlməyib. Bəzən gün ərzində 14-15 saat sükan arxasında olmağa məcbur qalsa da, yorulduğunu hiss etməyib. Daim sərnişinlərinin təhlükəsizliyi üçün çalışır.

Xanım sürücü danışır ki, indiyə qədər yüngül qəza belə, keçirməyib: "Diqqətsiz adam, hər sahədə diqqətsiz olur, qadın və ya kişi fərq eləmir. Əgər sən öz ailəni, özünü düşünürsənsə, yaşamağını istəyirsənsə, qarşıdan gələni də özün qədər istəməlisən. Hər dəqiqə diqqətli olmalısan. Bəlkə də bu səbəbdəndir ki, heç bir hadisə törətməmişəm. Heç kimə də arzu etmərəm ki, yolda hər hansı bir hadisəylə üzləşsin".

Daim yolda olduğundan çox hadisələrlə rastlaşmış N.Əliyeva, bəzən onları yada salanda belə, qorxu hissi keçirdiyini deyir: "Yolda hər cür hadisələri görmək olur. Bəzən getdiyin yerdə bir maşın qarşına keçib "avtoşluq" və ya təhlükəli ötmə əməliyyatı edir. Özüm qorxsam da, təhlükəni heç vaxt sərnişinlərə hiss etdirmirəm. Elə bir həmin anlarda Allah bir güc-qüvvət verir mənə. Özümü itirməyib vəziyyətdən çıxıram".

Nisə Əliyeva işinin, əsasən mövsümi olduğunu, daha çox yay, payız aylarında çalışdığını bildirir. Həftədə bir günü isə öz ailə üzvlərinə həsr etdiyini, onları gəzintiyə çıxardığını deyir.

Budəfəki qəhrəmanımızın ən böyük arzusu isə Qarabağla bağlıdır. O, torpaqlarımızın düşmən işğalından azad edilməsini səbirsizliklə gözləyir. Deyir ki, qələbə xəbərini eşidən gün ailəsi ilə birlikdə gedib Qarabağda qurban kəsəcək.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR