Ölkə 11:18 09.07.2018

Azərbaycanda sahibkar analoqu olmayan təsərrüfat yaratdı (REPORTAJ)

İyulun 6, 7 və 8-i Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəki-Qax-Gəncə şəhərlərinə mediatur təşkil edilib. Mediaturda ölkənin qabaqcıl mətbuat orqanlarından 20-yə yaxın nümayəndə iştirak edib.

Qaynarinfo-nun əməkdaşının da qatıldığı mediaturun əsas məqsədi bölgələrimizdə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.
 
Media nümayəndələri səfər çərçivəsində ilk olaraq Oğuz rayonunun Kərimbəyli kəndində, sahibkar Elgün Məhərrəmovun tütün plantasiyasında olublar. Oğuz rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Azad Əliyev tütün məhsulunun yetişdirilməsi və bu sahənin perspektivləri barədə məlumat verib. O, 1 hektar tütündən əldə olunan gəlirin 30 hektar taxılın gəlirinə bərabər olduğunu bildirib:

"Hazırda Oğuz rayonunda iki sort tütün becərilir. Bunlar yerli - "İmmunium" və xarici - "Virciniya" sortlarıdır. Yaş "İmmunium" tütününün 1 kiloqramı 20, "Vircinaya" sortunun 1 kiloqramı isə 22 qəpiyə alınır. Yığılan məhsul rayonun Tütünqurutma Sexində qurudulduqdan sonra satışa çıxarılır. Hazır məhsulun 20-30 faizi daxili daxili bazara, qalanı isə xaricə gedir. Tütünümüzün hazırda əsas alıcıları Rusiya, Ukrayna və Belarusdur. Rayon üzrə ümumilikdə 250 hektar tütün əkilib. Ötən il quru tütün istehsalının həcmi 200-250 ton olmuşdusa, bu il bu rəqəmin 2 qat artaraq 500-600 ton olacağı gözlənilir. Sahibkar 1 hektardan təxminən 7-8, qurudub hazır şəkilildə təhvil verdikdə isə 12-13 min manat gəlir əldə edir. Plantasiyalarda gündəlik 200-250 nəfər işçi çalışır".

İşçilərin sözlərinə görə, sahibkarlar onlara çalışdıqları saatın miqdarına görə məvacib ödəyir və aylıq gəlirləri təxminən 300-350 manat arasında dəyişir.

 
Daha sonra jurnalistlər Əkinçilik Elmi Tətqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsində olublar. Məntəqənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

* Birillik və çoxillik yem və institutun mandatına daxil olan kənd təsərrüfatı bitkilərinin seleksiyası, toxumçuluğun inkişaf etdirilməsi sahəsində elmi-tədqiqat işləri aparır və elmi müəssisələrin nəzəri elmi-tədqiqat işlərinin istehsalata tətbiq edilməsində fəal iştirak edir;

* Nümunəvi əkinçilik və torpaq becərmə sistemini tətbiq etməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırır, yeni və daha yüksək məhsuldarlığa malik, xəstəliyə və ziyanvericilərə davamlı yem, dənli, dənli-paxlalı bitki sortlarını yetişdirir;

* Əkinçilik sahəsində qabaqcıl elmi təcrübələri öyrənir, sınaqlarını təşkil edir və istehsalata tətbiqinin həyata keçirilməsində iştirak edir.

Məntəqə öz fəaliyyətində aşağıdakı vəzifələri daşıyır:

* Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş sifariş əsasında elmi-tədqiqat işlərinin yerinə yetirilməsində bilavasitə iştirak etməklə, onların tərtib olunmuş metodika əsasında yerinə yetirilməsinə şərait yaradır;

* Yem, dənli, dənli-paxlalı bitkilərinin ilkin toxumçuluğunu təşkil edir;

* Yem, dənli, dənli-paxlalı bitkilərinin orijinal (super elit və elit) toxumları ilə təmin edir;

* Rayonlaşmış yem, dənli, dənli-paxlalı və digər bitkiləri sortlarından suvarma şəraitində sabit və yüksək məhsul alınmasını təmin edən mütərəqqi becərmə texnolgiyasını, növbəli əkin sistemini hazırlayır, təkmilləşdirir və tətbiq edir;

* Yerli şəraitə uyğun olan elmi-tədqiqat işlərinin nəticələrini və mövcud qabaqcıl texnologiyanı öyrənir və tətbiq edir.

Məntəqənin direktoru Məcnun Şükürov son zamanlarda "Şəki 1", "Ağalı" və "Marxal" adı verilən 3 növ yeni buğda sortu yaratdıqlarını diqqətə çatdırıb:

"Şəki Dayaq Məntəqəsi hər il fermerlərə təxminən 100 ton civarında "elit" və "super elit" növ buğda toxumu verir. Bu il yağıntının miqdarının çox olması və anidən kəskin istilərin düşməsi məhsuldarlığa mənfi təsir göstərib. Problemin həlli üçün mütləq elmi araşdırmalar davam etdirilməlidir. Hər tərəfdə ucdantutma taxıl əkilməsi düzgün deyil. Elə yerlər var ki, orada taxıl yox, başqa məhsul əkilsə daha çox iqtisadi səmərə verər. Həmçinin bəzi taxılçılıq bölgələrimizdə ardıcıl olaraq hər il buğda əkilir. Bu da torpağın məhsuldarlığını zəiflədir. Ümumiyyətlə bitkiçilikdə tələb olunan ən yaxşı aqrotexniki tətbiq növbəli əkindir. Bir il taxıl əkilirsə, növbəti il həmin yerdə alternativ olaraq pambıq və ya paxlalı bitkilər əkilməlidir. Buna riayət edilsə, sizi əmin edirəm ki, ildən ilə məhsuldarlıq daha da artacaq”. 

M. Şükürov həmçinin qeyd edib ki, məntəqənin yaxınlığında müasir toxum təmizləmə zavodu tikilir və avqust ayının axırında tam gücü ilə fəaliyyətə başlayacaq:

"Zavod regionda toxumçulaqla məşğul olan fermer və şirkətlərin tələbatının tam şəkildə ödənilməsinə xidmət edəcək. Saatda təxminən 10 ton toxum təmizləmə gücü olan bu zavodda 3 min ton toxum saxlama anbarları da olacaq. Bildiyiniz kimi toxum üçün ən vacib şərtlərdən biri onun müxtəlif xəstəliklərə qarşı dezinfeksiya edilməsidir. İndiyə qədər bu proses köhnə maşınlarla, kustar üsulu ilə aparılırdı ki, bu da ekoloji baxımdan təmizləyici üçün təhlükəli idi. Burada isə bütün bunlar avtomatlaşdırılmış qaydada gerçəkləşdiriləcək və toxum sertifikatlaşdırıldıqdan sonra tam hazır şəkildə satışa çıxarılacaq. Ərazidə həmçinin Elmi Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsi üçün də mini zavodun qurulması nəzərdə tutulub”.

KİV nümayəndələri həmçinin "Şəki-İpək” ASC-də olaraq, burada kəlağayının hazırlanması prosesi ilə tanış olublar. "Şəki-İpək” ASC-nin boyaq bəzək istehsalatının meneceri Qüdrət Quliyev müəssisənin fəaliyyəti və kəlağıyı istehsalı ilə bağlı jurnalistlərə məlumat verib. O, ənənəvi kəlağayı hazırlanması ilə yanaşı, həmçinin müxtəlif yaş kateqoriyalarına uyğun da sifarişlər götürdüklərini deyib:

"Kəlağayı saf ipəkdən hazırlandığı kimi onun rənglənməsində də kimyəvi qatqısı olmayan, təbii yolla əldə edilmiş rənglərdən istifadə olunur. Ay ərzində 2-3 min ədəd kəlağayı istehsal olunaraq, həm yerli, həm də xarici bazarlara çıxarılır. Məhsulun qiyməti rəng çalarlarının müxtəlifliyinə və naxışların sayına görə 35-60 manat arasında dəyişir. Hazırda bazarda soyuq rənglərə tələbat böyükdür".

Günün sonuna doğru jurnalistlər Qaxa yollanıb və burada Bədrəddin Həsrətovun ölkədə analoqu olmayan "Bal evi” arıçılıq təsərrüfatında olublar. Bu təsərrüfat kompleksliliyinə, məhsulların çeşidliliyinə görə digər arıçılıq təsərrüfatlarından fərqlənir.

Geniş ərazini əhatə edən, minə yaxın arı pətəyinin olduğu müəssisədə bir neçə şöbə fəaliyyət göstərir:

- bal 
- arı südü
- damazlıq (seleksiya, ana arının yetişdirilməsi)
- sexlər (arı pətəklərinin, çərçivələrin hazırlanması)
- təsərrüfat (anbar, istixana)
- bal verən arıların yetişdirilməsi və çoxaldılması
- bal emalı və qablaşdırılması sexi (avqust ayında fəaliyyətə başlayacaq)
- qədim arıçılıq (buraya gələn turistlərə arının 50 milyon il əvvəl necə yaşadığı barədə məlumat veriləcək)

"Təsərrüfatı 2011-ci ildən genişləndirməyə başlamışıq. "Bal evi"miz hələ tam gücü ilə işləmir. Turistləri qəbul edəndən sonra daha geniş fəaliyyət göstərəcəyik. Hazırda müəssisənin 14 adda məhsulu var. Bunlardan 4-ü qablaşmayan, 10-u isə qablaşan məhsullardır. Təsərrüfat ildə 20 ton bal istehsalı üçün nəzərdə tutulub, amma bu rəqəm ildən ilə dəyişə bilir. Ərəb ölkələri ilə razılaşmalarımız var. Bu il üçün bizə Dubaydan 50 ton bal sifariş edilib. Öz balımızla yanaşı ətraf rayonlardan da bal alıb, qablaşdıraraq ixrac etməyi düşünürük. Əsas hədəfimiz xarici bazarlardır. Gələcəkdə burada apiterapiya (arılarla müalicə) mərkəzi də yaratmağı düşünürük”, - deyə müəssisə rəhbəri bildirib.
 
 
Birinci günün sonu...
 
İyulun 7-i, mediaturun ikinci günündə jurnalistlər Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub və universitetin maddi-texniki bazası, o cümlədən tələbə evləri, müasir heyvandarlıq kompleksi, maşın-traktor parkı, istixanaları, quşçuluq tədris mərkəzi, baytarlıq və bitki klinikaları, kitabxana, təlim mərkəzləri, torpaqşünaslıq və aqrokimya, toxumçuluq laboratoriyaları, anatomiya və pataloji anatomiya muzeyləri və digər yerlərləri gəziblər. Universitetin rektoru, professor İbrahim Cəfərov kənd təsərrüfatı sahəsinin inkişafının özəyində savadlı kadrların hazırlanmasının önəmini vurğulayaraq, tələbələrə nəzəri biliklərin verilməsi ilə yanaşı, praktik vərdişlər aşılamağın vacibliyindən söz açıb. O, bunun üçün universitet daxilində hər cür şəraitin yaradıldığını bildirib:

"Bu gün ölkənin Aqrar Universitetə böyük ehtiyacı var. Çünki Azərbaycanda bir çox ali təhsil müəssisəsi var, lakin aqrar sahədə təhsil verən yeganə ali məktəb Azərbaycan Dövlət Aqrar Universitetidir. Universitetin rektoru olaraq sahələrdə, fermalarda, həmçinin xarici mütəxəssislərin yanında olarkən doğurdan utanc hissi keçirirəm. Amma bunun obyektiv və subyektiv səbəbləri var. Bu səbəblərdən biri odur ibarətdir ki, kolxoz və sovxozlar dağıldıqdan sonra özəlləşmə prosesi getdi, torpaqlar əhaliyə paylandı və kiçik pay sahibləri meydana çıxdı. Onların da mütəxəssisə, aqronoma ehtiyacı olmadığından bu sahələrə maraq ildən ilə azalmağa və sonda kadr çatışmazlığına gətirib çıxarıdı. Lakin iri təsərrüfatların yaranması və getdikcə artması bu sahədə mütəxəssis hazırlığını zəruri edir. Biz də əlimizdən gələni edir ki, savadlı, bacarıqlı kadrlarımızın sayı çoxalsın. Azərbaycanda 54 universitet arasında ilk müasir yataqxana layihəsi Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilib. Bu il universitetin maddi-texniki bazasının gücləndirilməsi üçün 1,6 milyon manat, yeni tədris korpusunun tikintisi üçün 5 milyon manat, həmçinin gələn il universitet daxilində aqrar peşə məktəbi, aqrar kollec, məktəbəqədər müəssisə, innovasiyalar mərkəzi və daha bir yataqxana binasının tikintisi üçün 50 milyon manat vəsait ayrılıb. Universitetimiz dünyanın, o cümlədən Almaniyanın qabaqcıl universitetləri ilə elm mübadiləsi edir. Hər il ona yaxın tələbəmiz, həmçinin müəllimimiz Almaniyaya göndərilir, oranın mütəxəssislər universitetimizə gələrək mühazirələr keçirir. Bu sahədə nəzəriyyədən daha çox praktik məşğələlərə böyük ehtiyac var və son illər ərzində universitetdə bunun üçün hər cür şərait yaradılıb".

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı, tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək.

Mediaturun son günü...

İyun 8-i mediaturun son günü jurnalistlər Respublika Süni Mayalanma Mərkəzinə aparılıb. Mərkəzin direktoru Ramiq Abbasov son illərdə fermerlərin öz heyvanlarını süni mayalandırma yolu ilə artırmağa və daha məhsuldar cinslər əldə etməyə maraqlı olduqlarını söyləyib. O, bildirib ki, 2007-ci ildə yaradılan mərkəzin əsas məqsədi ölkədə aqrar sahənin inkişafını təmin etməkdir:

"Bütün dünyada maldarlığın damazlıq, cins tərkibinin dəyişdirilməsi süni mayalanmadan keçir. Artıq respublikada 2009-cu ildən yeni sort buzovlar doğuldu və sahibkarların bu sahəyə marağı artmağa başladı. Müəssisənin yeni binası 2015-ci ildə qurulub. Bura eyni zamanda regional təlim mərkəzi funksiyasını da yerinə yetirir. Hazırda mərkəzdə 6 cins üzrə 36 baş heyvan var".

Daha sonra KİV nümayəndələri Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda olublar. Müəssisənin direktoru Mahir Hacıyevin sözlərinə görə, burada heyvandarlığın müxtəlif sahələri, o cümlədən quşçuluq və ipəkçilik üzrə də tədqiqatlar aparılır:

"Bu gün bizim alimlərimiz fermerlərə müəyyən məsləhətlər verir, treninqlər keçirirlər. İnstitutda ipəkçilik sahəsi də önəmli yer tutur. Hazırda burada 82 cins ipəkqurdu yetişdirilir. Onlardan 50-si yerli genefond sayılır, 32-si isə xaricdən gətirilənlərdir ki, biz onları həm qoruyub saxlayır, həm də üzərində araşdırmalar aparırıq. Həmçinin, "Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər Dövlət Proqramı"na əsasən biz institutun ərazisində İrandan, Çindən gətirilən və Azərbaycanın yerli genefonduna daxil olan 3 min ədəd tut tingi əkmişik. Burda əsas məqsəd yem bazasının gücləndirilməsidir. Bundan əlavə müəssisədə quşçuluğun inkişafı istiqamətində də işlər həyata keçirilir".

Müəssisədə keyfiyyətli toyuq yumurtasının araşdırılması üçün müasir avadanlıq da var. Müəssisə rəhbərinin sözlərinə görə yüksək göstəriciyə cavab verən yumurta aşağıdakı tələblərə cavab verməlidir:

- yumurta qalın qutuda olmalıdır;
- çatsız olmalıdır;
- hava boşluğu 0,4 millimetrdən az olmamalıdır;
- ağının sarısına nisbəti 1:1 və ya 1:2 şəklində olmalıdır.

Daha sonra jurnalistlər iyulun axırında fəaliyyətə başlayacaq Ucar Pambıq Emalı Zavoduna baş çəkiblər. Zavodun direktoru Həsən Şahverdiyev müəssisəni potensialı barədə məlumat verib:

"Zavod ildə 40 min ton pambıq emaletmə gücünə malik olacaq. Bundan əlavə müəssisə daxilində daha iki zavodun - çiyid və yağ zavodunun da tikintisi gedir”.

Ucar Kənd Təsərrüfatı İdarəsinin rəisi Əbil Mehdiyev isə əlavə edib ki, zavod ötən ilin ikinci yarısından etibarən məntəqə kimi pambıq qəbuluna başlayıb.
 
Çingiz Səfərli