Xəbər lenti

Azərbaycanda sığorta qalmaqalı: Bu dəfə polkovnik şikayətçidir (FOTOLAR)
Foto 22:26 19.05.2018

Azərbaycanda sığorta qalmaqalı: Bu dəfə polkovnik şikayətçidir (FOTOLAR)

"2017-ci ilin iyul ayında mənim avtomobilimi bir xanım arxadan vurdu. O, öz maşınını "Günay Sığorta”da sığorta etdirmişdi. Qanunla həmin şirkət mənə dəymiş ziyanı ödəməli idi. Bu günə qədər 16 dəfə həmin şirkətə ayaq döymüşəm. Amma 500 manat dəyərində olan dəymiş ziyan bugünə qədər ödənilməyib”.

Bunu Lent.az-a şikayət məktubu ilə müraciət etmiş ehtiyatda olan polkovnik Allahverdi Quliyev deyib. Şikayətçinin sözlərinə görə, avtomobilinə dəymiş ümumi dəyərin miqdarı 500 manatdan artıqdır:

"Ümumi dəymiş ziyan 690 manatdır. Amma "Günay Sığorta” mənə dəymiş ziyanın müqabilində 215 manat pul yazıb. Mənim maşınım 2017-ci ilin iyul ayının 30-da qəzaya uğrayıb. Qəzadan sonra Əmirxan adlı şirkət əməkdaşı ilə "Qrand” servizdə avtomobilimə baxış keçirildi. Dəymiş ziyan 500 manat dəyərində qiymətləndirildi. 24 avqust 2017-ci ildə məni "Günay Sığorta”ya dəvət etdilər ki, gedib pulu götürüm. Baxdım ki, 215 manat yazılıb. Şoka düşdüm”.

Allahverdi Quliyev təklif olunan məbləğlə razılaşmayıb və sənədə əsasən şirkətin ona 500 manat ödəməli olduğunu bildirib. Əvəzində isə bir cümləlik qısa cavab alıb:

"Get kimə istəyirsən, şikayət et, biz bunu veririk”.

Ehtiyatda olan polkovnik deyir ki, bundan sonra sığorta haqqında qanunun 16.2-ci maddəsinə əsasən, tərəflər arasında razılıq əldə edilmədikdə müstəqil ekspert tərəfindən dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı müraciət edib. Lakin bu günə qədər həmin müraciət də aidiyyatı üzrə təmin olunmayıb:

"Gördüm ki, vaxt uzanır, avtomobilim də qapıda "yatır”. Məcbur olub avtomobilimi özüm təmir etdirəsi oldum. Ümumilikdə qəza nəticəsində dəymiş zərərə 690 manat xərclədim. Həmin vaxt şirkətə yenidən baş çəkdim ki, pulumu versinlər ya da "Qrand” servizlə birgə təyin etdikləri qiymətləndirmə kağızını mənə göstərsinlər. Bilmək istəyirdim ki, doğrudanmı dəymiş ziyana görə, 215 manat cərimə yazılıb. Nə qədər etsələr də sənədlərin içərisindən həmin qiymətləndirmə kağızı çıxmadı. Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib şikayət etdim. Amma onlar da bu vaxta qədər "Günay Sığorta”nın bu cür özbaşınalığına son qoya bilmir”.

Allahverdi Quliyev həmçinin bildirib ki, şirkətdən ona bir neçə ekspert təklif edilib amma əksəriyyətinin nömrələrinə zəng çatmayıb:

"Zəng edirəm, deyir ki, bu adda ümumiyyətlə nömrə qeydiyyatda deyil. Bir nəfərə müraciət etdik. O da dedi ki, mən şəkilə əsasən necə qiymət qoyum, maşının özünü gətir. Avtomobil isə artıq təmir olunub. Heç bir qiymət təyin edə bilmədi”.

Sayt məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışıb. "Günay Sığorta” şirkətinin hüquqşünası Səbinə Səlimova bildirib ki, Allahverdi Quliyev adlı şəxs quruma dəfələrlə müraciət edib və müraciətləri "Günay Sığorta” tərəfindən cavablandırılıb:

"Allahverdi Quliyevə bildirmişik ki, əgər bizim təyin etdiyimiz qiymətlə razılaşmırsa, müstəqil ekspert gəlsin və dəymiş ziyana qiymət təyin etsin.  Maliyyə Bazarlarına Nəzarət Palatasının reysterində olan müstəqil ekspertlər var. Biz siyahını onun qarşısına qoyduq və dedik ki, seçsin. Həmin müstəqil ekspert də məbləğ təyin etdi və Allahverdi Quliyev onunla da razılaşmadı. Həmin təyin edilən məbləğ dəqiq yadımda deyil. Orada cüzi bir zərərdi. Şəkildən də bu aydın görünür. Üç yüz manat həcmində bir zərərdir. Beş yüz manat isə ümumiyyətlə, yaxın durulası məbləğ deyil”.

Hüquqşünas xanım deyir ki, artıq maşın sahibi tərəfindən təmir edilsə də şəkillə də ona qiymət təyin etmək mümkündür:

"Dedilər ki, müstəqil ekspertlər şəkil vasitəsi ilə də qiymət təyin edə bilər. Biz də o baxımdan Allahverdi Quliyevə dedik ki, siyahıdakı ekspertlərdən hansının üzərində dayansa biz həmin şəxsə müraciət edəcəyik. Gəlib şəkilə baxaraq qiymət təyin etsin. Biz bir dəfə seçdik, amma razı olmadı. İkinci dəfə dedik ki, gəl başqasını seç, onunla da razılaşmadı”.

Şikayətçi Allahverdi Quliyev isə qarşı tərəfin fikirləri ilə razılaşmır. Onun sözlərinə görə, 500 manatın özü də dəymiş ziyanın hamısı deyil. Ehtiyatda olan polkovnikin sözlərinə görə, qəza nəticəsində ona 690 manata yaxın ziyan dəyib. Şikayətçi iddia edir ki, "Günay Sığorta" şirkəti "Qrand Seviz" şirkəti ilə təyin etdiyi qiymətləndirmə kağızını da ona təqdim etməyiblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->