Sağlamlıq 09:26 25.10.2019

Azərbaycanda süni mayalanma istəyən qadınların yaş həddi...

Dünyada hər il təxminən yarım milyona yaxın uşaq süni mayalanma yolu ilə doğulur. Ölkəmizdə də sonsuzluqdan əziyyət çəkən qadınlar məhz bu üsulla ana olmaq sevincini yaşayır.

Elə bir neçə gün əvvəl Azərbaycanda və MDB məkanında süni mayalanma ilə bir ilkə imza atıldı. Belə ki, ilk dəfə olaraq Bakıda 64 yaşlı qadın süni mayalanma yolu ilə əkiz uşaq dünayaya gətirdi. Körpələrin 70 yaşlı atası da valideyn olmağın sevincini yaşayır.

Maraqlıdır, Azərbaycanda adətən neçə yaşlı xanımlar süni mayalanma üçün müraciət edir, yaşdan aslı olaraq bu prosesin uğurlu olub-olmamasının fərqi varmı?
 
İlkə imza atılan həmin hadisədə, əkiz uşaqların dünyaya gəlmə prosesində iştirak edən sonsuzluq və süni mayalandırma uzmanı, ginekoloq Elnurə Mustafayeva Modern.az-a bildirib ki, süni mayalanma üçün 50 yaşdan yuxarı qadınlar da müraciət edir:

"Adətən bizə 25-35 yaş arası xanımlar müraciət edir. 50 yaşdan yuxarı qadınlar da olur ki, ana olmaq istəyindən imtina etmirlər. Adətən belələrinin sağlamlığı ciddi şəkildə nəzərə alınır. Bu yaşda qadınlarda ürək-damar, həzm, mədə-bağırsaq sisteminin müayinəsi aparılır, problem olmadığı təqdirə lazımi prosedurlar tətbiq edilir. Yaş artdıqca, qadınlarda problemin yaranma ehtimalı daha çox olduğu üçün uğurlu nəticə qazanıldığı təqdirdə bu hal cəmiyyətdə olaya çevrilir”.

Mərkəzi Klinikanın qadın mərkəzinin rəhbəri, süni mayalanma mütəxəssisi, əməkdar həkim Mahirə İsmayılova deyir ki, süni mayalanma yolu ilə ana olmaq üçün 45-50 yaş üstü xanımlar klinikaya müraciət edir.

"Süni mayalanma üçün adətən 25 yaşdan aşağı xanımlar demək olar ki, bizə müraciət etməyib. Bu üsulla ana olmaq istəyən qadınlar adətən 25 və daha yuxarı yaşlarda olur. 45-50 yaş arası xanımlar da süni mayalanma ilə ana olmaq istəyir. Belə olan halda lazımi prosedurlar həyata keçirilir və uğurlu nəticə əldə etmək olur”.