Xəbər lenti

Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər
Ölkə 19:45 15.03.2018

Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər

Azərbaycan ali təhsil siyasəti universitetlərdə tətbiq olunan Boloniya sistemi ilə yürüdülür. Bu sistem tələbəyə əvvəlki sistemdən fərqli olaraq daha geniş imkanlar və sərbəstlik verir. Boloniya sisteminə görə, tələbə universitetdə məcburi saxlanılmır. O, istənilən vaxt mühazirələrə gələ bilər, ən əsası keçilən dərs barədə məlumatları oxuduğu fakultədən elektron variantda götürə və semestr sonu gəlib imtahanını verə bilər.
Universiteti 4 ildən tez bitirmək faktı da Boloniya sisteminin prinsiplərindən biri hesab edilir.

Bəs görəsən universiteti 4 ildən tez bitirmək təcrübəsi yerli ali təhsil ocaqlarında tətbiq olunurmu?

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Boloniya sisteminin prinsiplərinə uyğun olaraq tələbə universiteti 4 ildən tez bitirə bilər.

"Azərbaycan ali mətəblərini 4 ildən tez bitirməklə bağlı təcrübə var. Hər bir gənc əgər özündə bu gücü hiss edirsə, universiteti 4 ildən tez bitirə bilər. Səhv etmirəmsə, ötən il və ya ondan öncəki il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi universiteti 3 il yarım müddətinə bitirərək məzun olub”.

"Universiteti vaxtından tez bitirənlər hərbi xidmətə yollana bilərmi” sualına isə Təhsil Nazirliyinin rəsmisi belə cavab verib:

"Universiteti vaxtından əvvəl bitirən şəxs haqqında məlumat həmin şəxsin universiteti bitirməsi ilə bağlı müvafiq komissiyanın əmri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilir. Daha sonra isə həmin şəxsə vətən qarşısında öz borcunu yerinə yetirməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırış vərəqəsi göndərilə bilər”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->