Ekonomiks 13:15 14.09.2021

Azərbaycanda turizmin postpandemiya dövrü: inkişaf üçün nəyə ehtiyac var? - Ekspert

"Turizmdə bahalı otellər konsepsiyasından imtina etməli, "homo otel” konsepsiyasına keçməliyik”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda turizmin postpandemiya dövründə inkişafına nail olmaq üçün hansı yeniliklərə ehtiyac olduğundan danışarkən deyib.

Ekspert qeyd edir ki, Azərbaycan turizmin inkişafı üçün böyük potensiala malik olsa da, bu potensialdan düzgün istifadə olunmur: 

"Bu işğaldan azad olunmuş ərazilərimizə də aiddir. Turizmin inkişafına əngəl olan məqamları aradan qaldırmaq üçün bu sahədə bir sıra yeniliklərə getməliyik. Proses göstərir ki, Azərbaycanda bahalı otellər konsepsiyası özünü doğrulmayıb. Azərbaycan turizmi inkişaf etdirmək istəyərkən, "lüks otellər” seqmentini ölkəyə gətirməyə çalışdı. Nəticədə özünü doğrultmayan 5 ulduzlu otellər tikildi. Dünyada turizm profili dəyişib. Ən çox səyahət edənlər gənclər və təqaüdçülərdir. Onlar isə baha qiymətli otellərdə qalmaq istəmir. Bunu nəzərə alaraq, Azərbaycanda "homo otel” konsepsiyalı kiçik, 2-3 ulduzlu otellər, hostellər zənciri yaradılmalıdır”. 

Həmsöhbətimiz düşünür ki, ucuz biletlər turizmin inkişafına fantastik dərəcədə dəstək olacaq:


"Ölkədə turuzmin inkişafına əngəl olan ikinci problem uçuşların baha olmasıdır. Ölkədə aviasiya biletlərinin qiyməti çox bahadır. Gürcüstanın rəsmi məlumatına görə, bu ölkə üzərindən uçan sərnişinlərin 25 faizi Azərbaycan vətəndaşı olub. Azərbaycanda Zaqatala, Lənkərənda, Qəbələdə fəaliyyətsiz qalan hava limanları var. Ucuz lokost şirkətləri ora buraxmalıyıq. İşğaldan azad olunmuş torpaqlarda tikilən və tikiləcək hava limanlarında da bunu təşkil etmək olar”. 

Ekspert sözügedən sahədə həyata keçirilməsi vacib digər yeniliyi Avropa Birliyi, Yaponiya, ABŞ, Çin kimi ölkələrlə viza rejiminin ləğv edilməsində görür: 
"Dünyada ən çox səyahət edənlər çinlilər, yaponlar, avropalılar və amerika vətəndaşlarıdır. Bu ölkələrlə bağlı viza sisteminin saxlanılması doğru deyil”. 

Rüfət Sultan