Nazirlər Kabinetinin qərarı ilə uşaqlara gülünc adların verilməsinə qadağalar qoyulub.
Qaynarinfo xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.
Onun sözlərinə görə, həmin qərara qədər uşaqlara "Fındıq”, "Kələm” və s. adlar qoyulurdu ki, bu da onların çox zaman gülüş obyektinə çevrilməsinə səbəb olurdu:
"Sözügedən qərardan sonra bu problem həll edildi. Həmçinin bir çox adların Azərbaycan dilinə uyğun olmayan formalarının qoyulmasının da qarşısını alınır. Məsələn, "Muxammed” adı Azərbaycan dilində "Məhəmməd” kimi qeydə alınmalıdır”.
R. Kərimova vurğulayıb ki, bəzi valideynlər övladlarına bir çox serial və cizgi filmində olan personajların adlarını vermək istəyir: "Araşdırma nəticəsində müəyyən olunub ki, bu istəklə çıxış edənlərin əksəriyyəti xaricdə yaşamış və ya təhsil almış vətəndaşlarımızdır”.
Onun sözlərinə görə, soyad sonluğunun "bəyli”, "xanlı” və s. şəklində dəyişdirilməsi qanunvericiliklə nəzərdə tutulmayıb: "Milli Məclisin qərarına əsasən soyad sonluqları "ov”, "yev” olan şəxslər "lı, li, lu, lü”, "zadə”, "oğlu”, "qızı” ilə, yaxud sonluqsuz şəklində dəyişdirə bilərlər. Amma bütün hallarda vətəndaşların bununla bağlı məhkəməyə müraciət etmək hüququ var. Əgər müvafiq qətnamə çıxarılarsa, qeydiyyat şöbəsi tərəfindən icra ediləcək”.
Şərhlər