Azərbaycanda ibtidai təhsil səviyyəsində təhsil alanların 1,26 faizinin valideyni iltizam formasını imzalayaraq uşağını məktətəbə göndərməkdən imtina edib.
Bu barədə Təhsil Nazirliyindən "Report”un sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, əyani və məsafədən təhsildə şagirdlərin davamiyyətinə gündəlik nəzarət olunur, azalma müşahidə edilmir:
"Yerli təhsili idarəetmə orqanlarından aldığımız məlumata əsasən, ibtidai təhsil səviyyəsində təhsil alanların 1,26 faizinin valideyni iltizam formasını imzalayıb”.
Xatırladaq ki, bir neçə gün öncə məktəblərə göndərilən metodiki göstərişlərdə valideynlərin pandemiya dövründə məktəbli övladlarında və ya digər ailə üzvlərində tənəffüs yolları şikayətləri, qızdırma, öskürək, nəfəs darlığı, ishal, COVID-19 xəstəliyi ilə bağlı hər hansı şikayətlər olduqda, övladını məktəbə gətirməməsi və bu vəziyyətlə bağlı məktəb rəhbərliyinə məlumat verməsi haqqında iltizam imzalayacağı əksini tapıb.
Həmçinin metodiki göstərişdə valideynin pandemiya dövründə övladının ümumi təhsil müəssisəsinə gəlməsini onun səhhəti üçün təhlükəli hesab etdiyi halda, onun teledərslərə baxmasını, virtual dərslərdə iştirakını, müəllimləri tərəfindən verilmiş tapşırıqların vaxtında yerinə yetirməsini və eləcə də müstəqil öyrənməsini təmin edəcəyi barədə yazılı öhdəlik götürməsi də qeyd olunub.
Nazirlər Kabinetinin qərarı ilə ümumi təhsil müəssisələrində ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagirdlər sentyabrın 15-dən məktəbə gedir.
Habelə, xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində 2020-ci il sentyabrın 15-dən dərslər başlayıb.
Şərhlər