Azərbaycanda "Yol Polisinə dəstək” qrupları yaradılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Qaynarinfo-ya verilən məlumata görə, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ictimai iştirakçılığın müxtəlif formalarından, o cümlədən vətəndaş cəmiyyəti institutlarının imkanlarından səmərəli istifadə edilməsi, habelə aktiv həyat tərzi sürüən, ictimai fəallığı ilə fərqlənən ayrı-ayrı şəxslərin təbliğatçı qismində cəlb edilməsi kimi məsələlərin həlli ilə bağlı qarşıya qoyulmuş məqsədlərə, eyni zamanda bu sahədə aparılan tədbirlərin daha səmərəli təşkili ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinin göstərişlərinə uyğun olaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən zəruri tədbirlər görülməkdədir.
Belə ki, yol hərəkəti iştirakçıları arasında təhlükəsizlik tədbirlərinə dönmədən riayət edilməsi vərdişlərinin aşılanması, cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şürlu yanaşmanın təmin edilməsi məqsədilə bir sira təşkilati-hüquqi işlər görülmüş, eyni zamanda yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat, təşviqat və maarifləndirmə işinin daha da gücləndirilməsi üçün mütəxəssislərin, ictimaiyyət nümayədələrinin və ələlxüsus gənclərin potensial imkanlarında səmərəli istifadə olunmasına calışılıb.
Aktiv həyat tərzi sürən hər bir şəxsin potensial təbliğatçı olması və ictimai vəzifələrini yerinə yetirərkən yol hərəkəti təhlükəsizliyinin təbliğinə töhvələr verməsi üçün ən real güc olan könüllülərin bu sahədə fəal iştirakçılığına nail olunması istiqamətində də təşviqat və maarifləndirmə işləri aparılmışdır.
"Yol Polisinə dəstək” qruplarının yaradılması, ölkədə təşəkkül tapmış könüllülər hərəkatının imkanlarının qiymətləndirilməsi, onların yol hərəkətinin təhlükəsizliyi ilə bağlı təbliğat-təşviqat xarakterli tədbirlərə cəlb edilməsi bu qəbildən olan tədbirlərdəndir.
Təkcə paytaxt ərazisində deyil, ölkənin ayrı-ayrı bölğələrini də əhatə edən bu tədbirlərdən daha biri DİN BDYPİ-nin bilavasitə dəstəyi ilə Salyan rayon könüllülərinin təqdimatında baş tutub. Bu dəfə təbliğatçı qismində DYP əməkdaşları deyil, könüllülər çıxış edib.
Rayon ziyalılarının, ictimaiyyət, yerli icra orqanları və KİV nümayəndələrinin iştirakı ilə Salyan rayon 2 saylı tam orta məktəbdə keçirilən görüşdə ilk öncə könüllülərin hazırladıqları proqram izlənilib.
Daha sonra çıxış edən natiqlər tədbirin əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verərək onlara yol hərəkəti təhlükəsizliyinin təbliğində, bu sahədə müşahidə edilən nöqsan və çatışmazlıqların aradan qaldırılmasında birgə mübarizənin vacibliyindən danışıblar. Rayon ziyalıları bu səpkidə keçirilən maarifləndirmə tədbirlərinin, yol hərəkəti təhlükəsizliyinin təbligi və təşviqi işinə dəstək verən könüllülərin fəaliyyətini yüksək qiymətləndirmiş və bu hərəkatın davamlı olmasını arzulayıblar.
Tədbirdə çıxış edən DİN BDYPİ-nin əməkdaşı, polis polkovnik-leytenatı Mübariz Ağayev ölkəmizdə mövcud olan yol hərəkəti mədəniyyətinin daha da gücləndirilməsində vətəndaş cəmiyyətinin mühüm rol oynadığını, yol hərəkəti qayda pozuntularına qarşı mübarizədə ictimai qınaq və ictimai nəzarət mexanizmlərinin mühüm əhəmiyyət kəsb etdiyini, eləcə də könüllülərin DYP ilə əməkdaşlıq istəyinin DİN tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
DİN BDYPİ tərəfindən yol hərəkəti təhlükəsizliyinin təbliğinə xidmət edən və qanuna uyğun şəkildə keçirilən istənilən formalı sosial layihələri, sözügedən Dövlət Proqramının uğurla həyata keçirilməsi məqsədilə atılan hər bir addımı dəstəklədiyini, bu sahədə birgə əməkdaşlığa hər zaman hazır olduğunu diqqətinə çatdıran Mübariz Ağayev, təmsil etdiyi qurum adından görüş iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirmiş, qarşılıqlı münasibətlərin inkişaf etdiriləcəyinə əminliyini ifadə etmiş və qazanılmış müsbət təcrübənin ölkəmizin digər bölgələrində yayılmasının təmin ediləcəyini vurğulayıb.
Görüşün sonunda, DİN BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenatı Rüfət Quliyev tərəfindən könüllülərə hədiyyələr təqdim olunub.
Şərhlər