Ekonomiks 12:28 01.04.2020

Azərbaycandan xaricə göndərilən pul baratlarının həcmində kəskin artım (TƏHLİL)

"2019-cu ildə Azərbaycanın turizm gəlirləri 32% və ya 843 mln. USD azalaraq 1.8 mlrd. dollara düşüb. Nəzərə alsaq görərik ki, bu cür sürətli kiçilmə Azərbaycan turizm sektorunun regionumuzdakı 2 əsas rəqib ölkəsində böyümə fonunda baş verib, çox mənfi tendensiyadır".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Türkiyənin turizm gəlirləri 25% artıb. Gürcüstan cəmi 1.5% artırıb - amma Gürcüstan buna o şəraitdə nail oldu ki, Rusiya öz vərəndaşlarına və turizm şirkətlərinə Gürcüstana səfərlər təşkil etməyə embarqo qoydu.

"Cari hesablar balansının qeyri-neft sektoru üzrə defisiti 4% (təxminən 300 mln. dollar) artıb. Ölkədən kənarda yaşayan insanlarımızın burdakı yaxınlarına göndərdikləri pul baratlarının həcmi 166 mln. USD (14%-ə yaxın) azalaraq 934 mln. USD-a düşüb. Bu, əslində yaxşı tendensiya deyil. Həm burda insanlarımızın gəlirlərinə kənardan gələn remitansların mühüm təsiri var, həm də bu vəsaitlər bizim cari hesablarda kəsiri azaldan əsas mənbələrdən biridir. 2020-ci ildə Rusiyadakı durum onu deməyə əsas verir ki, həmin pul axınları daha da azala bilər - çünki ötən böhranların təcrübəsi göstərir ki, neftin qiymətində kəskin azalma olan dövrlərdə Azərbaycana şimal qonşusunda işləyən insanlarımızdan pul göndərmələri də nəzərəçarpacaq dərəcədə azalır". 

Ekspert onu da qeyd edib ki, 2019-cu ildə Azərbaycandan xaricə göndərilən pul baratlarının həcmində isə kəskin artım baş verib - təxminən 40% (140 mln. USD) artaraq 501 mln USD-a çatıb:

"Bu pul axınlarının hansı ölkələrə istiqamətlənməsi çox maraqlıdır. Çünki biz uzun illərdir əsassən remitans qəbul edən ölkə olmuşuq. Birdən-birə həm də remitans göndərən ölkəyə çevrilməyimiz çox maraqlı faktdır. 2019-cu ildə xarici neft şirkətləri vasitəsilə Azərbayacandan 5.722 mlrd. USD vəsait çıxarılıb - ondan 3.222 mlrd. USD investisiyaların, 2.500 mlrd. USD isə qazandıqları mənfəətin repatriasiaysı olub. Məlumat üçün deyim ki, 2019-cu il ərzində neft sektorunda göstərilən tikinti xidmətləri üçün də qeyri-rezidentlərə 1 mlrd. USD-dan bir qədər çox vəsait ödənib. Nəticədə xarici neft layihələrinə görə ölkədən çıxan xarici valyutanın ümumi həcmi onların işçilərinin maaşları da nəzərə alınmaqla təxminə 7 mlrd. USD təşkil edib. Lakin həmin xarici neft müqavilələri çərçivəsində ölkəyə daxil olan valyuta həcmi 4.8 mlrd. USD-a yaxın olub - onun 450 mln. dolları neft bonusu, 4.275 mlrd. USD isə neft sektoruna birbaşa investisiya qoyuluşları olub. Beləliklə, xarici neft kontraktları üzrə tədiyə balansını qiymətləndirməsi olsaq, həmin mənbə üzrə balansın ümumu kəsiri 2.2 mlrd. USD-a yaxındır. 2019-cu ildə xarici kreditlərə və qiymətli kağızlar formasında borclara görə 820 mln. USD ödənib - təxminən 2018-də olduğu qədər..."