Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin kənd təsərrüfatının inkişafı ilə əlaqədar verdiyi təklif müzakirəyə yol açıb. Deputat bildirib ki, Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün ABŞ və digər ölkələrdən kənd təsərrüfatını idarə etməyi bacaran mütəxəssislər dəvət edilməlidir.
Mütəxəssislər isə hesab edir ki, Azərbaycanda kifayət qədər bu sahəni bilən və idarə edəcək şəxslər mövcuddur. Onlar Kənd Təsərrüfatı Nazirliyindən və aidiyyəti qurumlardan kənar olduqları üçün təklifləri keçərli olmur.
ABŞ-dan mütəxəssis gətirməyə ehtiyac varmı?
Fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında deputatın təklifi ilə razılaşmadığını bildirib:
"Kənd təsərrüfatı sektorunda kifayət qədər yüksək səviyyəli biliyə malik, təcrübəli mütəxəssislər var. Sadəcə olaraq, bu gün vəzifədə olanlar təcrübəli mütəxəssisləri başa düşə bilmirlər. Məsələn, mən 3-4 ay əvvəl rayona səfər edən nazir müavini ilə görüşdüm. Görüşdə aqreqat məsələsini müzakirə etdim. Onlar aqreqatı texnika ilə əvəzləyirdi, yəni aqreqatı başa düşmürdülər".
Anar Abbasov iddia edir ki, nazirlik rəsmiləri əkinçinin nə demək istədiyini düzgün anlaya bilmir:
"Tərəvəzi əkirəm, onu biçən zaman mənə subsidiya və gübrə verilməlidir. Bunları vaxtında verməsələr, məhsuldan düzgün istifadə edə bilmərəm. İkinci misal: Mənim məhsulumu 17 qəpiyə alıb, 220 km məsafədə 70 qəpiyə satırlar. Belə olarsa, kənd təsərrüfatı inkişaf etməz. Mənə şərait yaratsalar, məhsulumu 30 qəpiyə sata bilərəm. Yəni, "yaşıl koridor" açılsın. Bu gün həmin koridor bağlıdır".
İqtisadçılar nə düşünür?
İqtisadçı ekspert Vahid Məhərrəmov isə bir müddət əvvəl kənd təsərrüfatı nazirinin niderlandlı, sonra isə israilli köməkçiləri olduğunu qeyd edib:
"Nə iş gördülər? Nəticə göz qabağındadır. Məsələ burasındadır ki, istənilən ölkənin kənd təsərrüfatında mövcud problemlər spesifikdir və həmin problemləri yalnız yerli mütəxəssislər dərindən bilir. Bu problemlər yerli ənənələr, mentalitet, millətlərin xüsusiyyətləri, kəndlilərin bilik və bacarıqları nəzərə alınaraq həll edilir. Azərbaycanın kənd təsərrüfatında mövcud problemləri yalnız yerli yüksək səviyyəli mütəxəssislər aradan qaldıra bilər. Belə mütəxəssislər var, lakin onlar hakimiyyətdə deyillər".
İqtisadçı ekspert Rəşad Həsənov isə kənd təsərrüfatında məhsuldarlığın aşağı olduğunu bildirib:
"Kənd təsərrüfatında vəziyyətin bu cür olması ilə bağlı dərin araşdırma tələb olunur. Bu araşdırma olmadan sahənin mövcud vəziyyəti ilə bağlı fikir bildirmək çətin olar. Bazar üzrə insan kapitalı hansı səviyyədə inkişaf edib, institutlar hansı keyfiyyətdə mütəxəssislər yetişdirib - bu barədə fikir bildirmək üçün diaqnostika aparmaq mütləqdir. Nəticə isə göz qabağındadır: Məhsuldarlıq aşağıdır, intensiv təsərrüfatçılıq inkişaf etməyib. Eyni zamanda, bir çox fəaliyyət sahələri var ki, həmin sahələrdə mütəxəssisləri kənardan gətirirlər. Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstandan Azərbaycana mütəxəssislər gətirilib. Bu o deməkdir ki, əslində ölkədə müvafiq istiqamətdə kadr çatışmazlığı mövcuddur".
Rəşad Həsənov bunun səbəblərini açıqlayıb:
"Birincisi, kənd təsərrüfatı sahəsində mənfəət normasının aşağı olmasıdır. Nəticədə aşağı gəlir, aşağı əmək haqqı və xüsusilə müstəqillik dövründə bu sahəni əhatə edən ixtisaslar üzrə təhsil almağa meyil göstərilməyib. Çünki zəhmətin dəyəri var və təəssüf ki, ötən dövr ərzində bu sahə cəlbedici olmadı. Nəticədə bu istiqamətdə insanların meyli də aşağı düşdü. Buna paralel olaraq bu sahədə təhsil alanların keyfiyyəti də mübahisəlidir, çünki Azərbaycanda təhsil sistemində ümumi keyfiyyət problemi mövcuddur. Yəni, bunların hamısı üst-üstə gəlir. Nəticə göz qabağındadır: Ölkədə kənd təsərrüfatı üzrə kadr çatışmır. Peşəkarların cəlb edilməsində təşəbbüs göstərən şirkətlər çətinliklə üzləşirlər. Bu məqsədlə xaricdən xidmətlər idxal edilir, mütəxəssislər cəlb olunur. Təsərrüfatçılıq elmi-peşəkar əsaslarla inkişaf etməyib, ənənəvi təsərrüfatçılığa meyillilik çox yüksəkdir, intensiv modelə keçilməyib. Və bu istiqamətdə təşəbbüslər də çox zəifdir. Nəticədə Azərbaycan kənd təsərrüfatı üzrə ən zəif məhsuldarlığa malik ölkələrdən biridir".
Azərbaycana mütəxəssislər hansı ölkələrdən gəlməlidir?
Rəşad Həsənov düşünür ki, kənd təsərrüfatı sahəsində uğurlu nəticələrə baxsaq, Niderland, Kanada və ya İsrail təcrübələrinə də müraciət edə bilərik:
"İsraildə kənd təsərrüfatı sahəsində əhalinin cəmi 1,5%-i işləyirsə, onların iqtisadiyyatda yaratdığı dəyər 5-6%-dən yuxarıdır. Niderlandda əhalinin cəmi 1%-i kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, onların iqtisadiyyatda yaratdığı dəyər 10% civarındadır. Azərbaycanda isə əhalinin 36%-i kənd təsərrüfatında işləyir, iqtisadiyyatdakı pay isə cəmi 5%-dir. Yəni, bu o deməkdir ki, sadaladığımız ölkələrin təcrübəsinin Azərbaycana gətirilməsi və eyni zamanda, mütəxəssislərin cəlb edilməsi kənd təsərrüfatında dönüş yarada bilər. Həqiqətən də bu istiqamətdə ciddi siyasət ortaya qoyularsa, hədəfə çatmaq olar. Məsələ yalnız mütəxəssisin gətirilməsi ilə bitmir. Müvafiq istiqamətdə mütəxəssis də gəlməli, resurslar təyin olunmalı və imkanlar yaradılmalıdır".
Ekspertin fikrincə, son illərdə aqrar sektorun ən böyük problemi suya çıxışdır:
"Quraqlıq bu istiqamətdə ciddi problem yaradır. Suyun ədalətli bölüşdürülməsi özü ciddi çağırışlardan biridir. Əgər bunlar təmin olunmayacaqsa, mütəxəssisə əziyyət verməyə dəyməz. Azərbaycanın bu istiqamətdə artıq ciddi problemlərlə üzləşdiyini nəzərə alsaq, kənd təsərrüfatı sahəsində addımlar atmağa ehtiyac var".
Bahar Rüstəmli
Şərhlər