Polşanın Qdınya şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.
Qaynarinfo Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan təmsilçiləri yarışı 10 medalla başa vurublar.
Gənclər arasında fərdi proqramda çıxış edən Arzu Cəlilova topla hərəkətlərinə görə gümüş, gürzlərlə kompozisiyasında isə bürünc medal qazanıb. Komanda yoldaşı Nərminə Səmədova da lent ilə çıxışına görə sıralamada ikinci olaraq, gümüş medala sahiblənib. Gimnastlarımız həmçinin komanda hesabında da fərqlənərək, qızıl medal əldə ediblər.
Qrup hərəkətləri komandalarımız isə bütün mümkün finallarda uğurlu performans nümayiş etdirərək, hər birində medal qazanmağa nail olublar. Belə ki, Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Milana Əkbərova, Mədinə Əsədova və Selcan Hacızadədən ibarət gənc qrup hərəkətləri komandamız hesaba tam 1 dəst medal yazdırıb. Gənc gimnastlarımız çoxnövçülükdə gümüş, halqa ilə kompozisiyalarına görə bürünc, lent ilə çıxışlarına görə isə ən yüksək xalla qızıl medala layiq görülüblər.
Böyüklər arasında mübarizə aparan Narın Qurbanova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Humay Əliyeva və Sona Rəhmanovadan ibarət qrup hərəkətləri komandası da çoxnövçülük, top, həmçinin halqa-gürzlərlə çıxışlarına görə bürünc medal qazanıblar.
Şərhlər