Siyasət 16:46 20.05.2022

Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsası

(Yazı "Azərbaycançılıq ideyasının təbliği” mövzusu üzrə hazırlanıb)

Azərbaycançılıq müstəqil Azərbaycanın inkişafı üçün çalışan, dünyəvi prinsipləri nəzərə alaraq sivil demokratik cəmiyyətdə yaşamağı özünə hədəf seçən Azərbaycan xalqının ideologiyasıdır. Azərbaycançılıq ideologiyası bizim ümumi sosial identifikasiyamızı və ortaq dəyərlərimizi müəyyənləşdirir.

Bu ideologiya XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül tapıb formalaşaraq bir əsr ərzində davamlı təkamül yolu keçib. 

Bu ideologiyanın əsasında bu torpağı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi dayanır. 

Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarında müəyyənləşir. Bu, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Azərbaycançılıq həm də bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyadır. Yerindən, vəzifəsindən asılı olmayaraq dünyanın harasında olursansa ol, sənin tək məqsədin var, yaşadığın yerdə Azərbaycanı təbliğ etmək, azərbaycançılıq ideyasının prinsiplərinə sadiq olmaq və bu dəyəri dünyaya tanıtmaq.

Azərbaycançılıq ideologiyası və onun təbliği 

Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Biz millət olaraq türk, xalq olaraq azərbaycanlıyıq. Bu ideologiya bir özünü milli dərk tərzidir.

Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, insanları hər zaman ətrafında birləşdirən bir dəyər olub. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Azərbaycan xalqını birləşdirən bu ideya müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.

Heydər Əliyevin siyasətinin prinsipləri 

Azərbaycançılıq ideyasının dövlətin əsasına çevrilməsi mərhum prezident Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edib.

Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışıb. Heydər Əliyev rəhbər olduğu dövrdə respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, Azərbaycan diasporunun təşəkkül tapmasını da vacib hesab edib. 

Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini belə açıqlayıb: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Xalqımızın çox qurbanlar, əziyyətlər bahasına nail olduğu bu tarixi sərvət, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi əsasıdır. 

Bərabər hüquqlar

Azərbaycançılıq məfkurəsində etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə və xarici dövlətlərdə yaşayan bütün vətəndaşlara, soydaşlara və həmvətənlərə hərtərəfli hüquqi və mənəvi baxımdan bərabər münasibət var. Bu ideya xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə hərtərəfli əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi təminatı üçün də geniş əsas yaradır. 

Azərbaycançılıq ideyası və sərhədsiz əhatə

Azərbaycançılıq həm də xalqın milli-mənəvi varlığının ilkin əlamətlərini, onun kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycançılıq ideologiyasının geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədləri var. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli mənsubluğa da təsir göstərir. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə birləşdirir.

Azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik.

Prioritet - dünyaya inteqrasiya

Bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub saxlaması müstəsna əhəmiyyət kəsb edir. Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. Vətəndaşlıq özündə vətəndaşın siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, "Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. Vətəndaşlıq azərbaycançılıq kontekstində fərdin öz hüquq və vəzifələrini dərk edərək ölkədə yaranan ictimai-siyasi münasibətlərə mövqeyi kimi başa düşülür. Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır. Vətəndaşlıq mövqeyindən çıxış edərək hər bir şəxs vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması milli təhlükəsizlik baxımından əhəmiyyətlidir. Vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının mühüm əsaslarını təşkil edir. Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Vətənpərvərlik dövlət quruluşundan asılı olmayan vətəndaşlıq mövqeyinin dayağı hesab olunur. Azərbaycançılıq kontekstində duran əsas məsələ - vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. 

Bununla bağlı ölkədə bir çox işlər görülür.

2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıda keçirilən iclasında "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" qəbul edilib. Xartiya Azərbaycan diasporunun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəddir. Xartiyada azərbaycançılıq ideologiyası ilə bağlı ayrıca maddə mövcuddur. Bu maddədə bildirilir ki, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur.
 
Günay ilqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.