Ölkə 15:48 02.09.2019

Azərbaycanın "kitablı" məmurları: Fonetikadan "Difai"yəcən...

Məmur və kitab. İndiki Azərbaycan reallığında bu bir az təəccüblü səslənir. İndi bizdə vəzifəli şəxslər dedikdə yada daha çox dəbdəbəli villalar, iri ailə şirkətləri, ölkədə və onun hüdudlarından kənarda nəhəng biznes, korrupsiya və s. və i.a gəlir.

Lakin bu da bir həqiqətdir ki, bizdə yüksək post tutan şəxslər arasında elmi və bədii yaradıcılıqla məşğul olan xeyli məmur da tapmaq mümkündür. Onların bəziləri bu yaradıcılıqlarını zaman-zaman kitab şəklində oxucuların ixtiyarına buraxmağa da nail olublar. 

Qaynarinfo indi sizə təqdim edilən yeni araşdırmasında kitab müəllifi olan yüksək vəzifəli şəxslərdən bəzilərinin kimliyini müəyyənləşdirməyə çalışıb. 



1979-cu ildə indiki Bakı Dövlət Universitetini (ovaxtkı adı ilə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirən paytaxtın icra başçısı Eldar Əzizov 200-dən çox məqalə ilə yanaşı, "Difai" adlı kitabın müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü də olan Əzizovun həmin kitabı 1905-ci ildə Gəncədə, ermənilərin "Daşnaksütun" partiyasının terror fəaliyyətinə qarşı mübarizə aparmaq üçün yaradılan "Difai" təşkilatının fəaliyyətindən bəhs edir. 

2009-cu ildə - E.Əzizov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olduğu vaxt iki (Azərbaycan və rus) dildə işıq üzü görən, cəmi 198 səhifədən ibarət kitabın annotasiyasında yazılıb: "Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa cəhd edilmişdir. Əsərdə - Difainin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir". 



Azərbaycanın keçmiş xarici işlər naziri, Polşadakı səfirimiz Həsən Həsənovun isə 2014-cü ildə rus dilində "Qız qalası” kitabı işıq üzü görüb. Kitab İçərişəhərdə yerləşən abidələrin, eləcə də Qız Qalasının tarixi simasının qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb.

Üç hissədən ibarət olan kitabda Qız qalasının tarixi tamamilə fərqli prizmadan araşdırılıb və bir sıra toponimlərin adları açıqlanıb.



2013-cü ildən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Mirdamət Sadıqovun bir sıra kitabları çap olunub. Ümumiyyətlə isə iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin müəllifi olan Sadıqov həmçinin 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiya çap etdirib. 



Baş nazirin müavini Hacıbala Abutalıbovun indiyədək heç bir kitabı çap olunmasa da, tərcümeyi-halında fizika-riyaziyyat elmləri doktoru, professor yazılan vitse-premyerin ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya və digər ölkələrin elmi jurnallarında  200-dən artıq elmi məqaləsi çap olunub. 



Abutalıbovdan fərqli olaraq, Baş nazir Novruz Məmmədov bir sıra kitabların müəllifidir: IX sinif üçün fransız dili dərsliyi ("Le Français", 1994); "Fransız dilinin praktik fonetikası" (1997); "Geosiyasətə giriş" (1-ci cild, Bakı, "Azərbaycan nəşriyyatı”, 2011.- 576 səh.); "Geosiyasətə giriş" (2-ci cild, Bakı, "Azərbaycan nəşriyyatı”, 2011.- 416 səh.); "Xarici Siyasətin Azərbaycan Modeli” (Bakı, Çaşıoğlu, 2012.-464 səh.); "Xarici siyasət: reallıqlar və gələcəyə baxış" (Bakı, Qanun nəşriyyatı, 2013.-264 səh.); "Dış Politika: Gerçeklikler ve Geleceğe Bakış” (Ankara, Berikan yayınevi, 2015.-308 səh.). 



1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətlərinin başçısı vəzifələrində çalışan, bu ilin aprelində Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alan Novruz Novruzov Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. O, əsərlərini "Novruz Nəcəfoğlu" imzası ilə yazır.  

Deputat-akademik, Milli Elmlər Akademiyasının vitse-prezidenti və Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəylinin yazdığına görə: "Novruz Novruzov müstəqillik dövrü Azərbaycan bədii nəsrinin və bədii publisistikasının tanınmış, qəbul olunan nümayəndələrindən biridir. Yaradıcılığındakı həyata və insana yaxınlıq, əsərlərindəki həyat nəfəsi və torpağa bağlılıq, təbiilik və sadəlik onun fərdi ədəbi simasını səciyyələndirir. Novruz Nəcəfoğlunun publisistikası da bədiilik xüsusiyyətinə görə fərqlənir və qəzetçilikdən uzaq olan, nəsr əsərlərinə yaxın bir tərzdə yaranan orijinal sənət örnəkləridir. Hazırkı mərhələdə o, ardıcıl yaradıcı fəaliyyəti ilə yeni Azərbaycan nəsrini və müasir bədii publisistikanı layiqincə təmsil edir".

Məmur-yazıçı-publisist bir neçə kitab müəllifidir. 

Bu kitablarda onun "Nağıl adam", "Kəlbi əmi, yaxud Keçən cavan çağım ola", "Kəlbi əmi", "Çarəsiz yolçu", "Bir qış gününün xatirəsi" və digər əsərləri toplkanıb, eyni zamanda şeirlər yazır, "Yollar uzanan gün" və "Ağ qayadan atılan güllə" əsərləri əsasında film çəkilib. 



2005-ci ildən səhiyyə naziri postunu tutan Oqtay Şirəliyevin isə 100-dən artıq elmi məqalə ilə yanaşı 3 monoqrafiyası nəşr olunub. 

Aydın