Maqazin 09:28 29.02.2020

Azərbaycanlı modelyer boşandığı polkovnik ərindən danışdı

Məşhur modelyer, "A Glamour” Moda Evinin rəhbəri Afaq İsmayılzadə boşandığı polkovnik ərindən danışıb.

Qaynarinfo xəbər verir ki, modelyer yaxın rəfiqəsi, iş xanımı Ruhi Əliyevanın sahibi olduğu "news24” saytına müsahibə verib. O, müsahibədə bir çox mətləblərə toxunub. Xüsusən də ailə həyatı mövzusunda suallara cavab verən Afaq İsmayılzadə keçmiş ərini xəyanətdə ittiham edib. O bildirib ki, gözləmədiyi, ağlına belə gəlməyən bir zərbə alıb:

"Həyatımda həmişə yasaqlar, qadağalar olub. Mən də həmişə bunları nəzərə almışam. Amma son vaxtlar yoldaşımla anlaşa bilmədik. Ayrılmağa qərar verdik. 23 illik birgəliyimizə son verdik. İnanın ki, niyə belə oldu, heç özüm də bilmirəm. Hər mübahisədən, hər dartışmadan yığılan qırğınlıqlar, umu-küsülər yığıldı-yığıldı, axırı da belə oldu. Səbəbsiz, əlbəttə ki, heç nə olmur. Bir insanın qəlbini dəfələrlə sındırmaq olmaz. Qadını dözür, səbr edir deyə onu bu qədər üzməzlər. İnanmıram ki, hansısa qadın mənim yaşadıqlarıma illərlə dözərdi. Hər zaman bağışlayıb ömrünün sonuna qədər belə yaşayardı. Özümü çox güclü qadın hesab edirdim və bu gün də elə sayıram. Amma görürsünüz ki, yaşantıların ağırlığı sona qədər dözüm göstərməyimə imkan vermədi”.  



A.İsmayılzadə bildirib ki, ömrünü paylaşdığı adamın onu yarı yolda buraxacağına heç zaman inanmayıb:  

"Belə olacağını nə o, nə mən  gözləmirdik. Çünki bizim birgə başqa planlarımız var idi. Amma oldu... Həyat... Elə bil illərlə zərrə-zərrə qurduqlarım bir məqamda heç olub getdi. Daşını, kərpicini üst-üstə qoyub qurduğun evin başına yıxılır. O qədər güclü olmalı və özünə inanmalısan ki,  bunu dəf edə biləsən. Mən heç bir zaman özümə inamı itirmədim. Sadəcə, düşünürəm ki, bu belə olmamalı idi, oldusa, deməli, Allah belə istəyib. Bir şeyi dəqiq bilirəm ki, mən yoluma davam etməliyəm. Övladlarım var və dayanmağa, həvəsdən düşməyə, yorulmağa ixtiyarım yoxdur”.

O, daha sonra keçmiş həyat yoldaşının ona bir neçə dəfə xəyanət etdiyini deyib:

"Xəyanətlərin sayı çox olub. Birinci dəfə bunu çox çətin keçdim. Amma sonralar özümü toplayacağıma söz verdim və özlüyümdə dedim ki, bununla bağlı qərar verəcəyəm. Bu onun səhvi və ən zəif tərəfidir. Mən o zaman düşündüm ki, çalışıb ona dost, övladlarının atası kimi hörmət edəcəm. İllərlə bu fikirlə ailəmi qorudum, amma daha dözə bilmədiyimi anladım... İlk xəyanətlə çox gənc yaşlarımda, daha dəqiq evliliyimizin bir ilindən sonra üzləşdim. Bunu bəlkə də heç ən yaxın rəfiqəm belə bilmir. Məncə, insan hər yerdə ailə problemləri haqda danışmamalıdır, çünki bu, həmin insana yüngüllük gətirməyəcək. Mən bunun ən ağır və çətin formasanı yaşadım. Çox insanlar boşanandan sonra dost olmağı bacarırlar, amma bizdə vəziyyət fərqliydi. Həyat yoldaşım xalam oğludur. Qohum olduğumuza görə ayrılmağımız çox çətin oldu. Amma nəticədə qırılan xəyallarımı, arzularımı, ürəyimi üç övladımla ovuduram. Hər zaman xanımlara deyirəm ki, heç bir zaman ümidinizi itirməyin, sevdiyiniz işlə özünüzü inkişaf etdirin”.

Qeyd edək ki, Afaq İsmayılzadənin boşanması haqda ilk məlumatı keçən ilin iyulunda Axşam.az yaymışdı. Xəbərdə bildirilirdi ki, tərəflərin boşanmasına səbəb o qədər güclü olub ki, onlar şəhərin mərkəzində, hər kəsin gözü önündə böyük mübahisə yaşayıb, hətta bu mübahisə sonda Afaq İsmayılzadənin döyülməsi ilə nəticələnib. Afaq İsmayılzadə daha öncə mətbuata açıqlamasında həyat yoldaşının polkovnik-leytenant rütbəsi daşıdığını bildirmişdi. A.İsmayılzadənin bu evlilikdən iki qızı, bir oğlu var.