“Azərbaycanlı qadınların cinsi istismar məqsədilə Pakistana aparılmasının qarşısı alınmışdı, yəni Pakistan xətti ləğv edilmişdi. Amma qadınları istismar məqsədilə aparan hansısa qrupun yarandığı və ya qadınların fahişəlik məqsədilə könüllü getmələri ehtimalı da var”. Bunu virtualaz.org saytına “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, 2008-2009-cu illərdə cinsi istismar məqsədilə Pakistana aparılan azərbaycanlı qadınların sayı çox olub: “Pakistan hökuməti insan alveri ilə mübarizədə beynəlxalq standartlara riayət edir. Bundan əlavə, Azərbaycanla Pakistan arasında əlaqələr inkişaf edib. Azərbaycan hökuməti tez bir zamanda saxlanılan qadınların insan alveri qurbanı olub-olmadığını öyrənə biləcək”.
Təşkilat rəhbəri qeyd etdi ki, azərbaycan qadınlarının aparıldığı ölkələr arasında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri öndə gəlir: “Son illərə qədər siyahıda Pakistan da var idi. Amma hər iki dövlət qurumlarının səyi nəticəsində insan alverinin qarşısı nisbətən alınıb”.
Qeyd edək ki, son illər Azərbaycana gətirilən insan alveri qurbanları arasında Pakistan vətəndaşları yoxdur.
Mehriban Zeynalova
M.Zeynalova bildirdi ki, ötən il 53 nəfərin insan alveri qurbanı olduğu müəyyənləşdirilib: “Hazırda Daxili İşlər Nazirliyinin sığınacağında məcburi əmək qurbanı olan 10-a yaxın kişi qalır. İnsan alveri qurbanı olan 4 qadın isə bizim təşkilata yönləndirilib”.
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin saytında verilən məlumatda isə deyilir ki, bu ilin ilk yarısında 78 insan alveri, insan alveri məqsədilə sənədlərlə 9 qanunsuz hərəkət, 5 məcburi əmək cinayət faktı qeydə alınıb. İnsan alveri cinayəti törətdiklərinə görə 17 şəxs (15 qadın, 2 kişi) cinayət məsuliyyətinə cəlb edilib və 48 insan alveri qurbanı müəyyənləşdirilib. Onlardan 5-i əcnəbidir. Axtarışda olan 4 insan alverçisi tutularaq istintaq cəlb edilib.
İnsan alveri qurbanı olanların 47-si qаdın, biri isə kişidir. Onlardan biri əmək, 47-si isə cinsi istismara məruz qalıb. Cinsi istismara məruz qalan əcnəbilərin 5-də özbək əsillidir. 43-ü Azərbaycan vətəndaşlarıdır. Qurbanlardan 33-ü Türkiyədə, 6-sı Azərbaycanda, 6-sı Birləşmiş Ərəb Əmirliyində, 3-ü Rusiyada cinsi istismara məruz qalıb.
Xəbərdə o da qeyd olunur ki, insan alveri qurbanına çevrilənlərin 10-u erkən nikaha daxil olanlardır.
Xatırladaq ki, Pakistanın daxili işlər naziri bu ölkənin paytaxtı İslamabadda və ona yaxın Ravalpindi şəhərindəki bordellərdə məskən salmış, Azərbaycan və bəzi digər keçmiş sovet respublikalarından olan qadınlara qarşı xüsusi reydlərə göstəriş verib. Nazir Çaudri Nisar Əli Xanın göstərişi ilə 3 yüngül əxlaqlı qadın ölkədən deportasiya edilib.
Qaynar.info
Şərhlər