Ölkə 12:35 07.06.2020

Azərbaycanlı qız gölə düşən uşağı xilas etdi

Rusiyada yaşayan azərbaycanlı gənc oğlan uşağını ölümdən xilas edib.

Bununla bağlı Musavat.com-a Moskvadakı diaspor nümayəndələrimizdən biri danışıb.

Hadisə 6 iyunda baş verib. 18 yaşlı Alsu Elçin qızı Hüseynova öz rəfiqələri ilə birlikdə paytaxtdakı Qorki adına parka gəzməyə çıxıbmış. Birdən Alsu parkda oynayan iki azyaşlı uşaqdan birinin sürüşüb gölə düşdüyünü görür. Tez özünü yetirən azərbaycanlı gənc qız təqribən 3 yaşında olan oğlan uşağını boğulmaqdan xilas edir. Şahidlərin dediyinə görə, ani gecikmə faciə ilə nəticələnəcəkmiş. Məlumata görə, 3-4 yaşlarında iki uşaq anası ilə parkda gəzirmiş. Lakin ananın diqqətsizliyi səbəbindən uşaqlar dərinliyi bir neçə metrə çatan gölə yaxınlaşıblar.

Valideynləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan A.Hüseynova Rusiya Prezident Akademiyasının Hüquq fakültəsinin 1-ci kurs tələbəsidir.

Rusiyadakı diasporumuzun işində fəal iştirak edən Alsu xanım universitetdə yaradılan Azərbaycan milli rəqs ansamblının solistidir və milli bayramlarda, əlamətdar günlərdə ölkəmizi, mədəniyyətimizi layiqincə təmsil edir, tələbə yoldaşları ilə bərabər uşaq bağçalarında konsertlər verirlər. Azərbaycanlı xanımın sonuncu fədakarlığı tanıyanlar arasında böyük rezonans doğurub.