Siyasət 18:24 25.10.2021

Azərbaycanlılar bir il sonra rahat şəkildə İrəvana gedib-gələcək? - Deputat

"Bu yaxınlaşmanın baş verəcəyi zamanla bağlı dəqiq nəsə demək çətindir. Amma erməni deputat bir il ərzində onun baş tutacağını deyirsə, bunun özü də müsbət hadisədir. Deməli, Ermənistanda bu mövqe getdikcə daha geniş şəkildə hakim mövqeyə çevrildiyindən, bu ölkədə hətta konkret zamanı göstərməkdən də çəkinmirlər”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Ermənistanın hakim partiyasından olan deputatı Armen Xaçatryanın "Əminəm ki, bir il ərzində azərbaycanlılar sərbəst olaraq nəinki Sünikə, həm də İrəvana gedib-gələcək, biz isə Bakı və Zəngilanda olacağıq” fikrinə münasibət bildirərkən deyib:  

"Ermənistanın hakim partiyasını təmsil edən deputalar tərəfindən səslənən belə nikbin fikirlər öz-özlüyündə müsbət hadisədir. Ermənistanın sağlam qüvvələri təhlillər, analizlər apararaq bu nəticəyə gəlir ki, artıq irəli baxmaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, artıq müharibə bitib. Yeni reallıqlar yaranıb, irəli, gələcəyə baxmalı və əməkdaşlıq etməliyik. Hansı ki, əməkdaşlıq regionda sabitlik və sülhə xidmət edir və bütün tərəflər ondan uduşlu çıxır. Ermənistanın gələcəyi, nicat yolu da məhz bundan keçir. Hesab edirəm ki, bu reallığı Ermənistanda siyasi qüvvələr getdikcə daha çox dərk etməyə başlayır. Zəngəzur dəhlizi işə düşməli, azərbaycanlıların öz doğra yurdlarına gediş-gəlişi təmin edilməlidir. Söhbət həm də İrəvandan gedir, bura da bizim tarixi ərazimizdir. Ermənilər də Azərbaycana gələ bilər. Əbədi düşmən olası deyilik”. 
 
 

Deputat eyni zamanda qeyd edir ki, bu illər rəzində əbədi olaraq qan yaddaşımıza həkk olunan unudulmaz hadisələr də baş verib:

"Ortada Xocalı soyqırımı, erməni vəhşilikləri var. Bunları heç zaman unutmayacağıq. Lakin bununla bərabər, praqmatik siyasət həyata keçiririk. Praqmatizm isə diqtə edir ki, qonşularla əbədi düşmən vəziyyətində qalmaq olmaz. Ermənistan əməldə əməkdaşlıq istiqamətində addım atacaqsa, təbii ki, yeni vəziyyət yaranacaq. Həmin yeni vəziyyətdə isə iqtisadi, ticarət, siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq üçün imkanlar pəncərəsi açılacaq. Yetər ki, İrəvan bu pəncərəni bağlamaq istəməsin. Bağlasa, onun əsas ziyanı Ermənistana dəyəcək. Hər halda görünən odur ki, artıq Ermənistandan müsbət impulslar daxil olmaqdadır. Bu da müəyyən mənada nikbinlik yaradır”. 

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə, Ermənistan parlamentinin "Vətəndaş anlaşması” partiyasından olan deputatı Armen Xaçatryan əminliklə bildirib ki, bir il ərzində ermənilər sərbəst şəkildə Azərbaycana, azərbaycanlılar isə Ermənistana gəlib-gedəcəklər.

Rüfət Sultan