Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı "Azercell Telekom” MMC-nin proqramlaşdırma üzrə elan etdiyi "AZERCELL CUP” müsabiqəsinin final mərhələsi keçirilib. ADA universitetində 6-8-ci sinif şagirdləri arasında baş tutan müsabiqədə iştirakçılara həll edilməsi üçün 5 alqoritmik məsələ və 3 saat vaxt verilib. Yarışın sonunda nəticələr və medalçılar elan olunub.
Xatırladaq ki, müsabiqəyə qeydiyyat
https://www.olimpiada.edu.az saytı üzərindən aparılıb. Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutub. Müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaqdır. Həmçinin müvafiq sahələr üzrə məntiqi təfəkkürün inkişaf səviyyəsi, alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən şagirdləri müəyyənləşdirərək onları həvəsləndirmək, beynəlxalq olimpiadalara hazırlıq məşğələlərinə cəlb etmək, onların fərdi və elmi inkişafına töhfə verməkdir.
2017-ci ildən etibarən məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi Azercell şirkətinin köməyi ilə həyata keçirilir və onların inkişafı üçün təşəbbüslər davamlı olaraq dəstəklənir. Şirkət Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olur. Belə ki, hazırlıqdan keçən şagirdlərimiz mötəbər beynəlxalq bilik yarışlarında yüksək nəticələr əldə edirlər. İndiyədək azərbaycanlı şagirdlər informatika fənni üzrə bilik yarışlarında 27 medal qazanıblar.
Şərhlər