Bakıda bacısının evindən pul və qızıl boyunbağı oğurlamaqda təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
Qaynarinfo xəbər verir ki, ittihama əsasən, təqsirləndirilən şəxs Türkiyədə yaşayan bacısı ailəsi ilə birlikdə Azərbaycana gəldikdən sonra onun evində müvəqqəti yaşayıb.
O, anası ilə birlikdə bacısının evinə gedərək əkiz uşaqlara baxmağa və ev işlərində kömək etməyə başlayıb. Təqsirləndirilən şəxsin evə sərbəst şəkildə girib-çıxmaq imkanı olub. Lakin bacısı ona öz yataq otağına, oradakı dolablara və digər saxlanc yerlərinə daxil olmağı qadağan edib.
İttiham aktına görə, evdə heç kimin olmadığı vaxt təqsirləndirilən şəxs bacısının yataq otağına onun icazəsi olmadan daxil olub. O, çarpayının yanındakı dolabın siyirtməsini açaraq oradan 50 manat nağd pul, daha sonra isə güzgülü dolabın siyirtməsindən 1000 manat dəyərində qızıl boyunbağı götürüb.
İttihama əsasən, təqsirləndirilən şəxs oğurladığı qızıl boyunbağını sonradan satıb, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib. Bununla bacısına ümumilikdə 1050 manat məbləğində ziyan vurduğu bildirilir.
Məhkəmədə təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsin bacısı olduğunu və hadisədən bir neçə ay əvvəl onun evində yaşadığını bildirib.
Təqsirləndirilən şəxs maddi vəziyyətinin aşağı olması səbəbindən oğurluq etmək qərarına gəldiyini deyib. O, bacısının otağından 50 manat pul və qızıl boyunbağı götürdüyünü etiraf edib.
Onun sözlərinə görə, qızıl boyunbağını daha sonra mağazada 200 manata satıb.
Təqsirləndirilən şəxs əməlinə görə peşman olduğunu, vurulmuş maddi ziyanı ödədiyini və bacısı ilə barışdığını bildirib.
Məhkəmədə zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsin onun qardaşı olduğunu qeyd edib. O bildirib ki, oğurluq hadisəsindən sonra əvvəlcə evdə işləyən bağbandan şübhələnib və polisə məlumat verib. Sonradan oğurluğu qardaşının törətdiyini öyrənib.
Zərərçəkmişin sözlərinə görə, oğurlanmış 50 manat pul və qızıl boyunbağı ona geri qaytarılıb, dəymiş ziyan ödənilib. O, təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirib.
İş üzrə dindirilmiş qızıl alqı-satqısı ilə məşğul olan şəxsin ifadəsinə əsasən, təqsirləndirilən şəxs hadisədən sonra onun işlədiyi yerə gələrək qızıl sepi satmaq istəyib. Satıcı qızılı yalnız müvafiq sənədlə qəbul edə biləcəyini bildirib. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədləri təqdim edib.
Qızıl çəkildikdən sonra onun üçün 212 manat ödəniş müəyyənləşdirilib və tərəflər razılaşıblar. Satıcı isə qızılın oğurluq yolu ilə əldə edilməsi barədə məlumatının olmadığını bildirib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (oğurluğun yaşayış sahəsinə, habelə saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi) ilə təqsirli bilib.
Ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Məhkəmə həmçinin təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 3 günü nəzərə alıb. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə (tutulma müddətinin cəzaya hesablanması) əsasən, həmin müddət azadlığın məhdudlaşdırılması cəzasında bir günə iki gün hesabı ilə nəzərə alınıb.
Nəticədə onun üzərində 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Aydın
Şərhlər