XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Baffet "Berkshire Hathaway"in sədri vəzifəsindən getdi
Dünya15:19 18.09.2026

Baffet "Berkshire Hathaway"in sədri vəzifəsindən getdi

Əfsanəvi investor Uorren Baffet “Berkshire Hathaway” şirkətinin direktorlar şurasının sədri vəzifəsindən istefa verib. 96 yaşlı Baffet bundan sonra şirkətdə fəxri sədr (Chairman Emeritus) kimi fəaliyyət göstərəcək və direktorlar şurasında qalacaq. Qərar 18 sentyabr 2026-cı ildən qüvvəyə minib.

Qaynarinfo xəbər verir ki, Baffetin yerinə şirkətin direktorlar şurasının sədri vəzifəsinə oğlu Hovard Baffet seçilib. O, 1993-cü ildən Berkshire Hathaway-in direktorlar şurasının üzvüdür. Şirkətin baş müstəqil direktoru vəzifəsində isə Syuzan Deker fəaliyyətini davam etdirəcək.

Bu dəyişiklik "Berkshire Hathaway"də uzunmüddətli varislik prosesinin növbəti mərhələsidir. Baffet ilin əvvəlində şirkətin baş icraçı direktoru vəzifəsindən ayrılıb və bu postu uzun illər onun əsas rəhbər komandasının üzvü olmuş Qreq Abel tutub. Beləliklə, Abel şirkətin gündəlik idarəçiliyinə, Hovard Baffet isə direktorlar şurasına və korporativ mədəniyyətin qorunmasına rəhbərlik edəcək.

Baffet "Berkshire Hathaway"i 1965-ci ildən idarə edib və şirkəti sığorta, dəmir yolu, enerji və digər sahələrdə fəaliyyət göstərən nəhəng konqlomerata çevirib. Şirkətin hazırkı dəyəri təxminən 1 trilyon dollar səviyyəsindədir.

Baffet səhmdarlara məktubunda şirkətdə keçirdiyi 60 ildən çox müddətdən sonra rəhbərlik keçidinin tamamlanması üçün vaxtın yetişdiyini bildirib. O, Berkshire Hathaway-in gələcəyi və Qreq Abel rəhbərliyində şirkətin idarə olunması ilə bağlı yüksək əminliyini ifadə edib.

Baffetin sədr postundan ayrılması onun "Berkshire Hathaway"dəki formal rəhbərliyinin son mərhələsini tamamlayır. Bununla belə, direktorlar şurasında qalacağı üçün şirkətin mühüm qərarlarında təcrübəsindən və baxışlarından istifadə etməyə davam edəcəyi gözlənilir.

Şəbnəm İbrahimxəlilova