Dənizlərdəki yanan kimsəsiz kibritlərə... (ŞEİR)

Dənizlərdəki yanan kimsəsiz kibritlərə... (ŞEİR)

Emil Rasimoğlu

***

Ağaclardakı dənizlər,
dənizlərdəki yanan kimsəsiz kibritlər
və göy üzündəki torpaq.
...və bir də
alnımdakı qandallı qırışların edam günü.

Evimizin divar saatı 
bağışlayır ana bətnlərinin günahını,
unuduram aynaların küçəsini Vətən olan hər yerdə.
...Sən demə, 
hər şamın arxası bir qadın yuvası imiş.
 
Məni bağışlamağa can atma,
kəsməyib siqaret bədənindəki yağışlar
 

...hələ də 
maestronun eynəkləri müharibə aşiqidisə
yalnız sonuncu doğulan adam 
diş çıxardacaq hər fəsil,
hər gün
sudan qorxan balıqlar qaçacaq kilsə zənginə.

İndi döydüyüm bütün qapılar da 
süd dişinə tərəf açılır...
Sənsə tələsirsən üzü çətirlərin divarlarına sarı.
Daha bilmirsən ki,
nə qədər ki, qayıqlar var
demək, qovuşmaq vərdişdi, xoşbəxtlik deyil...

...Mən də
sonuncu məktubuna öyrəşəndə bildim,
bildim ki, 
hər gecə akvarumdakı skripkanın notlarına
ölümünü sevdirməkmiş payız,
bir cüt ayaqqabı imiş arxamca düşən sabahlar.

...ağaclardakı dənizlərə,
dənizlərdəki yanan kimsəsiz kibritlərə
və 
göy üzündəki torpağa qədər
qoy, küçələr gecələsin quşların dimdiyində.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR